AZ

Azərbaycanda avro bahalaşır - Manatı nə gözləyir?

Son həftələrdə avronun dollar qarşısında məzənnəsinin bahalaşdığı müşahidə edilir. Ekspertlər bu bahalaşmanı Avropa Mərkəzi Bankının faiz dərəcələrini endirməsi və ABŞ iqtisadiyyatı ilə bağlı bədbinliyin artması ilə izah edirlər.

Trampın yeni iqtisadi qərarları fonunda bahalaşmanın davam edəcəyi gözlənilir.

Bahalaşma Azərbaycanda da yan keçməyib. Ölkəmizdə son həftələrdə avronun bahalaşdığı müşahidə edilir. Fevralın sonlarında avronun məzənnəsi 1.75 manat olduğu halda, bu gün 1.85 manat ətrafındadır.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayarmov da bildirib ki, avronun manata nisbətən bahalaşması avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi ilə əlaqədardır:

"Azərbaycanda dollara qarşı məzənnə birbaşa, digər valyutalara isə çarpaz müəyyənləşib. Bu da eyni zamanda manata nisbətən məzənnəsinin dəyişməsinə gətirib çıxarır. Nəticə etibarilə son dövrlər dollara nisbətən avronun yüksəlməsi onun manata qarşı da yüksəlməsinə səbəb olub. Bu Avropa iqtisadiyyatında stabillik, eləcə də ABŞ-də xüsusilə bir sıra göstəricilərdə gözləniləndən daha pessimist nəticələrin reallaşması ilə bağlıdır. ABŞ-də ümumi istehlakda azalma var. İstehlak indeksi ABŞ iqtisadiyyatı üçün çox vacibdir.  Eyni zamanda inflyasiya proqnozlaşdırılandan daha çoxdur. Bu da  dolların avroya nisbətən məzənnəsinin azalmasına gətirib çıxarır".

Deputat vurğulayıb ki, gələcəkdə də avronun manat qarşısında bahlaşıb-bahalaşmayacağı dollar-avro məzənnəsindəki dəyişikliklərdən asılı olacaq: "Növbəti dövrdə də Avropa İttifaqı və  ABŞ-də iqtisadi vəziyyətdən asılı olaraq, dolların avroya nisbətən məzənnəsi müəyyənləşəcək. Amma bütövlükdə avronun manata nisbətən məzənnəsi onun dollara qarşı kursunun necə dəyişməsində asılı olacaq".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Aydın Hüseynov avronun daha çox bahalaşacağını düşünmədiyini deyib:

"Məlumdur ki, Azərbaycan xarici ticarət dövriyyəsini dollarla həyata keçirir. Bu baxımdan getdikcə ticarət dövriyyəmiz daha da genişlənir və ixracımız artır. Eyni zamanda Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. 70 milyard civarında valyuta ehtiyatlarımız var. Ticarət dövriyyəmiz müsbət saldodur. Bu baxımdan avronun manat qarşısında ciddi şəkildə artacağını düşünmürəm".

İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, Azərbaycanda manatın avroya qarşı xüsusi məzənnə rejimi yoxdur:

"Avro dollar məzənnəsi hansı yönə dəyişirsə, manatın avroya olan məzənnəsi də o yönə dəyişir. Son zamanlar avro dollar qarşısında bahalaşır. Həmin  çarpaz məzənnə rejiminə görə də Azərbaycan manatı ancaq dollara indekslidir. Dollar-avro məzənnəsinin fərqi avro-manat məzənnəsində özünü büruzə verir. Ona görə də avro-manat məzənnəsinə baxmağa ehtiyac yoxdur. Diqqətdə saxlamalı yeganə məzənnə avro-dollar məzənnəsidir. Avro dollar qarşısında bahalaşdıqca, bir o qədər də manat qarşısında bahalaşacaq.Əksinə vəziyyət yaranarsa, onda avro manat qarşısında ucuzlaşacaq".

Seçilən
8
modern.az

1Mənbələr