AZ

Hotellərdə qiymətlər 20-30% artacaq -

Qarşıdan gələn Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq ölkədə uzunmüddətli istirahət dövrü başlayır. Bu günlərdə bir çox vətəndaş şəhərin səs-küyündən uzaqlaşaraq istirahət üçün bölgələrə üz tutur. Xüsusilə turizm məkanları ilə tanınan rayonlarda hotellərə və istirahət mərkəzlərinə tələbat xeyli artır. Bu isə öz növbəsində qiymətlərə təsir edə bilər. Bəs bayram günlərini bölgələrdə keçirməyi planlaşdıranlar üçün hotellərdə vəziyyət necə olacaq? Turizm eksperti Cabir Dövlətzadə Metbuat.az-a açıqlamasında bildirib ki, Ramazan bayramı Azərbaycanda ən böyük dini bayramlardan biridir və bu bayramla əlaqədar yalnız daxili bazarda deyil, həm də xarici bazarda canlanma baş verir: “Gələn xarici turistlər də Azərbaycanı seçirlər, xüsusən də bu dini bayramın müsəlman dünyası ilə əlaqəli olması səbəbindən ərəb ölkələrindən gələn turistlərin sayı artır. Müəyyən rezervasiyalar artıq var. Ayın sonundan etibarən həm paytaxt, həm də region otellərinə tələbatın artacaq. Təbii ki, bu dövr ərzində qiymət artımı olacağı ehtimalı var və bu, təxminən 20-30% arasında olacaq. Bu da aprel ayının başlanğıcında bazarda müəyyən canlanmaya səbəb olacaq. Qiymət artımı təklif və tələbin artması ilə əlaqəli olur ki, bu da tamamilə təbiidir. Əsas məsələ turistlərin ölkəmizə göstərdiyi rəğbət və maraqdır”. Ekspertin sözlərinə görə, daxili bazarda olan turistlər yalnız otellərə deyil, həm də xarici turlara yönəlirlər. Ən çox gedilən yerlərdən biri də Türkiyədir. Türkiyənin ən çox ziyarət edilən bölgələri arasında Azərbaycandan gələn turistlər üçün populyar istiqamətlərdən biridir. C.Dövlətzadə qeyd edib ki, Novruz bayramı müddətində də müəyyən canlanma müşahidə olunacaq: “Lakin Ramazan bayramı ilə əlaqədar ümumi canlanma ciddi şəkildə olmayacaq, çünki bu dövr ərzində Azərbaycan turizm bazarında əsas yerlərdən biri olan Ərəbistandan gələn turistlərin sayı xeyli azalmağa başlayacaq. Bunun əksinə olaraq, Türkiyədən və bir çox Avropa ölkələrindən gələn turistlərin sayı artacaq. Mənim fikrimcə, Avropa və Türkiyə yönümlü turistlər, eləcə də Rusiyadan gələn turistlərdə artım olacaq. Ancaq qiymətlərin ciddi artacağı gözlənilmir və indiki halda maksimum 15-20% arasında olacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
11
metbuat.az

1Mənbələr