Bakı, 12 mart, AZƏRTAC
Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi son üç il ərzində ilk dəfə olaraq 36,5 faizdən aşağı düşüb.
AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, bu həftə havaların soyuq keçməsi səbəbindən anbarlara qaz vurulması zəifləyib.
Hazırda anbarlarda qaz ehtiyatlarının həcmi təqribən 40,5 milyard kubmetrədək (36,49 faiz) azalıb. İsitmə mövsümünün başladığı 2024-cü il oktyabrın 29-dan bəri anbarlardan 69,5 milyard kubmetr qaz çıxarılıb. Martın 10-da anbarlardan qaz çıxarılması 258 milyon kubmetr, qaz vurulması isə 64 milyon kubmetr təşkil edib.
Fevral ayında Avropa birjasında min kubmetr mavi yanacağın orta qiyməti təxminən 542 dollar, martın əvvəlində isə təxminən 462 dollar olub.
Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı fevralda 13 faiz, martda isə orta hesabla 16 faiz təşkil edib.
Cari ayda terminallardan Avropanın qazötürmə sisteminə maye qazın vurulması bu dövr üçün rekord səviyyəyə çatıb. Hazırda həmin göstərici maksimum gücün 50 faizinə bərabərdir.