AZ

Makron 30 günlük atəşkəs təşəbbüsünü alqışlayır- ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron Ukraynada 30 günlük atəşkəs ideyasını alqışladığını bildirib. Olaylar.az xəbər verir ki, o, bu barədə sosial platforma X-də paylaşım edib.

"Bu gün Ciddədə ABŞ və Ukrayna arasında aparılan danışıqlarda əldə olunan irəliləyişi, xüsusilə mümkün 30 günlük atəşkəs ideyasını alqışlayıram," - deyə Makron qeyd edib. O əlavə edib ki, "top açıq şəkildə Rusiyanın meydanındadır".

Bundan öncə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun yaxın günlərdə Rusiya tərəfi ilə danışıqlar aparacağını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Moskva ilə Vaşinqton arasında təmasların baş tuta biləcəyini istisna etməyib.

Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların yekununda qəbul edilən birgə bəyanatda Kiyevin 30 günlük atəşkəsə və Vaşinqtonla faydalı qazıntılarla bağlı razılaşma imzalamağa hazır olduğu bildirilib. Cavab olaraq ABŞ Ukraynaya hərbi yardımı bərpa etdiyini və kəşfiyyat məlumatları təqdim edəcəyini elan edib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
olaylar.az

1Mənbələr