Bakı, 12 mart, AZƏRTAC
Son illərdə nikahın pozulması, ailə mübahisələrinin artması, eyni zamanda, aliment məsələləri və digər ailə hüququ ilə bağlı məhkəmə qətnamələrinin sayının artması cəmiyyətdə narahatlıq doğurub. Bu hallar məhkəmə icraatlarında böyük bir sıxlıq yaradır və qərarların çoxalması icra proseslərini daha da çətinləşdirir. Məhkəmə qərarlarının çoxalması məsələnin yalnız qərarların qəbul edilməsi və icrası ilə həll edilmədiyini göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ədliyyə nazirinin müavini Abiddin Hüseynov Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləməsində çıxışı zamanı səsləndirib.
“Artan məhkəmə iş yükü bizim üçün böyük bir çətinlik yaradır. Ədliyyə Nazirliyi bütün resurslarını daha effektiv istifadə etmək üçün səylərini artırır, amma bu məsələni təkbaşına həll etmək bizim üçün çətindir. Çox sayda ailə mübahisələri bir neçə fərqli məsələnin bir arada müzakirə edilməsi ilə nəticələnir. Məsələn, nikahın pozulması halları çox vaxt aliment ödənişi, əmlak bölgüsü və uşaqların gələcəkdəki hüquqları ilə bağlı yeni mübahisələrə yol açır”, - deyə nazir müavini vurğulayıb.
O, həmçinin məhkəmə qərarlarının yuxarı instansiyalara qədər gedən hallarda cəmiyyətdə prinsipial yanaşmaların artdığını qeyd edib: “İnsanların bəzən kiçik məsələlər üzrə belə müraciət etmələri məhkəmələrin iş yükünü daha da artırır. Bu vəziyyət, təbii ki, məhkəmə orqanlarının resurslarını daha da məhdudlaşdırır və icra proseslərinin daha mürəkkəb hala gəlməsinə səbəb olur. Nəticədə, bu problemlərin həlli üçün cəmiyyət və müvafiq orqanlar daha geniş əməkdaşlıq etməli, ailə hüququ sahəsindəki mübahisələrin ədalətli , eyni zamanda, səmərəli şəkildə həll olunması üçün təkliflərin və hüquqi tədbirlərin nəzərdən keçirilməsi vacib amillərdir”.