AZ

Komitə sədri: Valideyn-övlad münasibətində qayğı prinsipinin dövlət sənədlərində əks olunması ailə institutunun hüquqi müstəvidə qorunduğunun göstəricisidir

Bakı, 12 mart, AZƏRTAC

Dövlətin əsas qanunlarında ailənin cəmiyyətin əsas quruluşu olduğu və xüsusi qorunması lazım olduğu vurğulanır. Bu, ailənin hüquqi və sosial baxımdan dövlət tərəfindən dəstəkləndiyini və onun müdafiə olunmasının vacib olduğunu göstərir. Müvafiq hüquqi tənzimləmələrə əsasən, uşaqların tərbiyə olunması və təhsili valideynlərin əsas məsuliyyətlərindən biri hesab olunur və dövlət bu prosesi nəzarətdə saxlayır. Bu, ailə institutunun dövlət üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığını bir daha təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bu gün keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləməsində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, dövlətin əsas qanununda universal və milli dəyərlər harmoniya şəklində təqdim edilir: “Hər bir şəxsin qanun çərçivəsində ailə qurmaq hüququ mövcuddur. Ana, ata və uşaqlar qanunla qorunur. Ailə daxilində qadın və kişinin hüquqları təmin edilir. Uşaqların düzgün tərbiyə olunması isə valideynlərin həm mənəvi borcu, həm də vəzifəsidir. Digər tərəfdən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların məsuliyyətinə daxildir. 18 yaşına çatmış, əmək qabiliyyətli övladlar da əmək qabiliyyəti olmayan valideynlərini maddi və mənəvi baxımdan dəstəkləməyə borcludurlar. Valideyn-övlad münasibətlərində qarşılıqlı qayğı prinsipi cəmiyyətimizin əsas dəyərlərindən biri kimi qəbul edilir. Bu müddəaların dövlət sənədlərində öz əksini tapması ailə institutunun hüquqi müstəvidə nə qədər möhkəm qorunduğunu göstərir”.

 

Seçilən
15
azertag.az

1Mənbələr