
Martın 11-də Heydər Əliyev Mərkəzində filmin premyerası keçirilib. Gecədə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, kinosevərlər iştirak ediblər. Ekran əsəri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. Filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Çəkilişləri Bakı, Şəki şəhərlərində və Gürcüstanın müxtəlif bölgələrində həyata keçirilən filmdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun "Zabul-Segah" simfonik muğamından istifadə edilib. Filmin nümayişindən sonra yaradıcı heyət səhnəyə dəvət olunub. Quruluşçu rejissor Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayev və Xalq artisti Yalçın Adıgözəlov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər. Qeyd edək ki, "Cənnət yuxusu" filmi Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi töhfələri və milli mədəniyyət tarixindəki mühüm rolunu təsvir etməklə yanaşı, qədim Azərbaycan şəhəri İrəvanın tarixi və mədəni irsini, rəssamın sənətinə gətirdiyi yenilikləri, klassik Şərq ornamentlərini, miniatür sənətinə işıq salır. Ekran işində eyni zamanda Azərbaycanın İrəvan bölgəsi ziyalılarının mirasını və soydaşlarımızın Ermənistan ərazisindən deportasiyası da faktlar və arxiv materialları əsasında təqdim olunur. Film “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə bağlı təsdiqlənmiş Tədbirlər planına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Film həm yerli, həm də xarici auditoriyaya Azərbaycan mədəniyyətinin zənginliyini təqdim etməyi və ölkəmizin sənət sahəsindəki irsini dünya səhnəsində tanıtmağı hədəfləyir.





