Baş nazirinin türk jurnalistlərə müsahibə verməsini qərbli dostlarının müsbət qarşılayacağı üçün ürəklə atdığı addım kimi qiymətləndirmək olar
Ermənistanın Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə ilk müsahibəsini verib.
Bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.
Baş nazir jurnalistlərlə foto çəkdirib və sosial şəbəkə hesabında müsahibədən qısa video yayımlayıb.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, Avropa və ABŞ-ın kadrı olan bir sıra Saakaşvili, Zelenski, Tramp, o cümlədən Paşinyan kimi "blogger", "şoumen" siyasətçilər hər addımlarını xüsusi təqdim etməyi və kütləyə oynamağı sevirlər:

"Onlar özlərini "suda üzən balıq" kimi hiss edirlər. Məsələn, Ukrayna Prezidenti çox gözəl "oynayır", Trampın hər çıxışı şoudur və düşünmədən danışır. Bu tip şəxslər sadəcə diqqət çəkmək, öz varlıqlarını göstərmək istəyirlər. Çox güman ki, Türkiyəli jurnalistlər də Ermənistan Baş nazirindən müsahibə almaq üçün elə-belə getməyiblər. Yəni dövlətlərarası razılıq olub. Eyni zamanda Paşinyan Türkiyə ilə münasibətlərin qurulmasının tərəfdarı olduğunu göstərmək istəyir. Ümumiyyətlə Ermənistan hər zaman Azərbaycandan asılı olmayaraq Ankara ilə əlaqələrin müsbət qurulmasından yana olub. Bu isə nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına cavab verir. Nəzərə alsaq ki, Paşinyanın tərəfdaşlarının da Ukrayna böhranı ilə əlaqədar türk ordusuna, hərbi gücünə ehtiyacı var. Bu baxımdan Ermənistan Baş nazirinin türk jurnalistlərə müsahibə verməsini qərbli dostlarının müsbət qarşılayacağı üçün ürəklə atdığı addım kimi qiymətləndirmək olar".