AZ

ABŞ Suriyada yeni razılaşmanı alqışlayır- ÖZƏL

ABŞ, yeni Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunan razılaşmanı müsbət qarşılayıb. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Dövlət Departamentinin rəsmi saytında yayımlanan açıqlamasında bildirib.

"ABŞ, Suriyanın müvəqqəti hakimiyyəti ilə Suriya Demokratik Qüvvələri arasında ölkənin şimal-şərq bölgəsinin vahid Suriya tərkibinə inteqrasiyasına dair imzalanmış razılaşmanı alqışlayır," - deyə Rubio vurğulayıb.

O, həmçinin ABŞ-nin siyasi keçid prosesini dəstəklədiyini və bu prosesin "etibarlı, qeyri-dini idarəetmə yolu ilə yeni münaqişələrin qarşısını ala biləcəyini" bildirib.

"Biz müvəqqəti hakimiyyətin qəbul etdiyi qərarları yaxından izləyəcəyik və azlıqlara qarşı son dövrlərdə baş verən ölümcül zorakılıq hallarından narahatlığımızı ifadə edirik," - deyə dövlət katibi əlavə edib.

Martın 10-da Dəməşqdə Suriya Müvəqqəti Administrasiyasının prezidenti Əhməd əş-Şaraa və Suriya Demokratik Qüvvələrinin komandanı Məzlum Abdi arasında rəsmi razılaşma imzalanıb. Bu razılaşmaya əsasən, kürd muxtariyyətinin mülki və silahlı strukturları Suriya dövlət institutlarına inteqrasiya olunacaq.

Qeyd edək ki, SDQ 2015-ci ildə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə yaradılan hərbi koalisiyadır. Əsasən kürd qruplaşmalarından ibarət olsa da, tərkibində ərəb qəbilələrinin və assuriyalıların nümayəndələri də var.

Son günlərdə Suriyanın sahil bölgələrində vəziyyət gərginləşib. Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatına görə, martın 6-dan bu yana 973 mülki şəxs zorakılıq nəticəsində həyatını itirib. Həmçinin, Suriya təhlükəsizlik qüvvələrinin və Müdafiə Nazirliyinin 231 əməkdaşı, eləcə də keçmiş prezident Bəşər Əsədin 250 tərəfdarı həlak olub.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
40
olaylar.az

1Mənbələr