AZ

Sifariş edilənin yerinə niyə fərqli maşın gəlir? -

Son zamanlar “Bolt”dan taksi sifarişi edən sərnişinlər tez-tez eyni problemlə qarşılaşırlar – tətbiqdə göstərilən avtomobillə gələn avtomobil fərqli olur. Bəzən normal görünən maşın əvəzinə tamamilə yararsız vəziyyətdə bir nəqliyyat vasitəsi gəlir. Sərnişinlərin proqramda göstərilən avtomobili axtarması həm vaxt itkisinə, həm də narahatlığına səbəb olur. Bəs tətbiqdə görünən maşınla gələn maşının eyni olmamasının səbəbləri nədir və bu halla qarşılaşan sərnişin nə etməlidir? “Bolt”dan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkət əməkdaşlıq etdiyi bütün sürücülərin qaydalara riayət etməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı sərnişinləri davamlı olaraq məlumatlandırır: “”Bolt” şirkətinin əsas məqsədi göstərilən xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək, həm sərnişinlərin, həm də tərəfdaş sürücülərin təhlükəsizliyini və rahatlığını qorumaqdır. Qeyd edək ki, “Bolt” tətbiqində lisenziyası olmayan avtomobillərin qeydiyyatdan keçməsi mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən, yalnız lisenziyalı nəqliyyat vasitələri “Bolt” tətbiqi vasitəsilə xidmət göstərə bilər. Bəzi hallarda sürücülər lisenziyalı avtomobili qeydiyyatdan keçirərək, qeyri-lisenziyalı nəqliyyat vasitəsilə fəaliyyət göstərirlər. Bu halları nəzərə alaraq, 2024-cü ildən etibarən sürücülərin tətbiqdə qeydiyyatdan keçirdiyi avtomobillə faktiki xidmət göstərdiyi avtomobilin uyğunluğunu yoxlamaq üçün rəqəmsal verifikasiya (uyğunlaşdırma) sistemi aktivləşdirilib ki, bu sistem vasitəsilə sürücüdən ay ərzində bir neçə dəfə verifikasiya tələb olunur. Nəticədə belə neqativ hallar daha sürətlə aşkarlanır”. Şirkətdən verilən məlumata görə, bu halların təkrarlanmasının qarşısı almaq məqsədilə qaydalara riayət etməyən və lisenziyasız fəaliyyət göstərən sürücülərə qarşı “Bolt” şirkəti tərəfindən ciddi tədbirlər görülür. “Hər zaman qeyd etdiyimiz kimi, xidmətimizdən istifadə edən sərnişinlərdən bu cür hallarla rastlaşdığı zaman narazılıqlarını və ya şikayətilərini tətbiq üzərindən dəstək xidmətinə bildirmələri xahiş olunur”, - deyə açıqlamada qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
25
3
metbuat.az

4Mənbələr