Azərbaycanda boşanmaların 70 faizi qadınların təşəbbüsü ilə baş verir, uşaqların 15 faizi nikahdan kənar doğulur.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin təşkilatçılığı ilə “Ailə, qadın və uşaq hüquqları konstitusiya hüquqlarının əsas prioriteti kimi” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.
O qeyd edib ki, qadınlar səbəb kimi xarakter toqquşmasını göstərir:
“Gördüyünüz kimi, daha dərin səbəblər var. Ailə qanunvericiliyinə yeni dəyişikliklər paketi hazırlamışıq və bu yaxınlarda Milli Məclisə təqdim olunacaq. Qızların qaçırılması halları da var. Adam oğurluğu ilə bağlı cinayətlərin əksəriyyəti xüsusilə qızların qaçırılması ilə bağlıdır”.
Onun sözlərinə görə, Azərbaycanda uşaqların 15%-i nikahdan kənar doğulur və azərbaycanlılar arasında populyar olan qohum nikahları genafondumuza ziyan vurur:
“Son illər anemiya ilə doğulan uşaqların sayında 65 faiz, talassemiya ilə doğulanların sayında isə 86 faiz artım var. Bu, qohum evlilikləri ilə bağlıdır. Bu evliliklər demoqrafik göstəricilərin təbii artımına təsir edir. Qohum nikahları haqqında qanuna edilən dəyişikliyin nəticələrini gələcəkdə görəcəyik”.