AZ

Şöbə müdiri: Yeni qanun dəyişikliklərinin məqsədi ailə hüququ sahəsində daha balanslı və ədalətli bir yanaşma təqdim etməkdir

Bakı, 12 mart, AZƏRTAC

Son dövrlərdə boşanma hallarının artması ailə hüququna dair yeni yanaşmaları gündəmə gətirib. Boşanma müraciətlərinin 70 faizi qadınlar tərəfindən verilir. Boşanmalara səbəb olaraq əsasən tərəflərin xasiyyətlərinin uyuşmaması, yəni şəxsi münasibətlərdəki problemlərin artması hallarıdır. Lakin bu, yalnız səthi bir səbəbdir və daha dərin, sosial və mədəni kökləri olan məsələlər mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləməsində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, boşanma halları yalnız şəxsi münasibət problemləri ilə bağlı deyil, həm də hüquqi və sosial təzyiqlərlə əlaqəlidir: “Bu günlərdə ailə qanunvericiliyində aparılacaq dəyişikliklər paketi hazırlanır və yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Yeni qanun dəyişikliklərinin məqsədi ailə hüququ sahəsində daha balanslı və ədalətli bir yanaşma təqdim etməkdir”.

T.İbrahimova, həmçinin qızqaçırma hadisələrinin də ciddi bir problem olduğunu və bunun cinayətkar fəaliyyətlərin geniş yayılmasına səbəb olduğunu vurğulayıb. O qeyd edib ki, qadınlara qarşı zorakılıq və qızqaçırma halları cəmiyyətdəki bəzi dərin sosial problemlərin göstəricisidir: “Bu cinayətlər arasında qadınların hüquqlarını pozan, onları evdən çıxmağa məcbur edən və onları müxtəlif təzyiqlərə məruz qoyan hallar daha geniş yayılıb. Yeni qanunvericilik təklifləri ilə ailə hüququna dair mövcud problemlərin həlli və qadınların hüquqlarının qorunması nəzərdə tutulur. Bu dəyişikliklər boşanma proseslərinin daha şəffaf, səmərəli və ədalətli olmasına, eyni zamanda, qadınların hüquq və azadlıqlarının təmin olunmasına yönələcək. Ailə hüququna dair qanunlarda aparılacaq bu dəyişikliklər müasir dövrün tələblərinə uyğun olaraq daha sağlam və balanslı ailə münasibətlərinin yaradılmasına kömək edəcək. Sosial, hüquqi və mədəni dəyişikliklərə ehtiyac duyulan bu dövrdə dövlətin və cəmiyyətin bu məsələlərə yanaşması, ailə dəyərlərinin qorunması və ailə hüququnun təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir”.

 

Seçilən
19
azertag.az

1Mənbələr