ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçi təyin etdiyi Keyt Kelloq sülh danışıqlarından kənarlaşdırılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri bir neçə mənbəyə istinadla məlumat yayıb.
Mənbələrin dediyinə görə, Kelloqun Səudiyyə Ərəbistanındakı ABŞ – Ukrayna danışıqlarında iştirak etməməsi, “onun nə dərəcədə kənarlaşdırıldığını göstərir”. Nəşr qeyd edir ki, digərləri, o cümlədən ABŞ Dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff danışıqlarda mərkəzi yer tutduqca Kelloq prosesdən kənarlaşdırılıb: “Kelloqun rolu çox şübhəlidir. Üstəlik Vitkoff, müharibəni bitirən qəhrəman rolunu oynamağa çalışır. Kelloq isə danışıqlarda kimin nə etdiyinə dair qarışıqlıq yaradır”.
Eyni zamanda, Ağ Ev Kelloqun vəzifədən çıxarılmasını təsdiqləməyib. Ağ Evin milli təhlükəsizlik sözçüsü Ceyms Hevitt deyib ki, Kelloq “xüsusilə ABŞ-nin avropalı müttəfiqləri ilə danışıqlar baxımından komandanın dəyərli bir hissəsi olaraq qalır”.
Bundan əlavə, “Politico” qeyd edir ki, Tramp administrasiyasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə ən yaxşı münasibətə malik olan Kelloqdur. Mənbə Kelloqun danışıqlar prosesindən kənarlaşdırılmasının “Vaşinqtondakı daxili mübarizənin nəticəsi” olduğunu qeyd edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə ABŞ arasında danışıqlarda Amerika nümayəndə heyətinə Rubio, Uolts və Vitkoff, Ukrayna tərəfinə isə Prezident Aparatının rəhbəri Andrey Yermak, Xarici İşlər naziri Andrey Sibiqa və Müdafiə naziri Rustem Umerov daxil olub.“AzPolitika.info”