AZ

® Azərbaycan səhiyyəsində ilk dəfə

Meyit donordan və canlıdan orqan köçürülməsini Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqları icra ediblər

Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin yüksəkixtisaslı cərrah-transplantoloqları tərəfindən həm böyüklərə, həm də uşaqlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları aparılır. Əməliyyatdan əvvəl və sonrakı mərhələdə cərrah-transplantoloqlarla yanaşı pasiyentlərə ixtisaslaşmış qastroenteroloq, hepatoloq, nefroloq, eləcə də uşaq hepatoloqu, uşaq nefroloqu tərəfindən ixtisaslaşmış xidmətlər göstərilir.

Bu ilin fevral ayında Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi və transplantoloq Kamran Beydullayev tərəfindən Azərbaycan səhiyyəsində ilk dəfə olaraq hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına meyit donordan götürülmüş qaraciyər köçürülüb.

Onu da qeyd edək ki, 2023-cü ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatları uğurla yerinə yetirilir.

2008-ci il dekabrın 12-dən ölkəmizdə və regionda ilk dəfə qaraciyər transplantasiyası və indiyə qədər 1500-ə yaxın xəstə üzərində orqan transplantasiyası icra edən komanda Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsində fəaliyyət göstərir.

Uşaq üzərində kifayət qədər təcrübəsi olan anestezioloq və reanimatoloqlardan ibarət briqadanın olması ən kiçik yaş qrupundan olan uşaqlarda da transplantoloji xidmətin göstərilməsinə şərait yaradır. Ona görə də həmin komanda tərəfindən 6 aylıq körpəyə qaraciyər transplantasiyası, 4 yaşlı uşağa isə böyrək transplantasiyası uğurla həyata keçirilib. Eyni seansda 6 yaşlı uşaq üzərində açıq ürək əməliyyatı və canlıdan qaraciyər transplantasiyası ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqları tərəfindən icra olunub.

Donoru olmayan xəstələrin əməliyyat olunmasına ölkəmizdə ilk dəfə çarpaz orqan transplantasiyası şöbənin mütəxəssisləri tərəfindən başlanılıb. Ölkəmizdə ilk dəfə olaraq canlıdan qaraciyər transplantasiyası zamanı donor əməliyyatı laparoskopik üsulla Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran Beydullayev tərəfindən yerinə yetirilib.

Seçilən
24
1
azertag.az

2Mənbələr