“Benfika”nın baş məşqçisi Bruno Laji UEFA Çempionlar Liqasının 1/8 finalının “Barselona” ilə cavab oyununu (1:3) şərh edib.
Arena.az məlumat verir ki, oyun ərəfəsində iddialı çıxışı ilə diqqət çəkmiş portuqal mütəxəssis, oyunsonrası mətbuat toplantısında qısaca şərhi ilə kifayətlənib:
“Əla oyun keçirmiş “Barselona”nı təbrik etmək istəyirəm. Bu, çox güclü komandadır, onun məşqçisi nəhəng təcrübəyə malikdir. “Barsa” oyuna parlaq surtədə hazırlaşmışdı, bizə hörmət sərgilədi. Onun növbəti mərhələyə çıxması – təsadüf deyil”, deyə Bruno Laji vurğulayıb.
Evdəki ilk oyunda 0:1 hesabı ilə məğlub olmuş “Benfika” ümumi hesabın nəticəsinə (1:4) görə UEFA Çempionlar Liqasının cari mövsümündəki çıxışına xitam verib. Yarışın 1/4 finalına vəsiqə qazanmış “Barselona” isə bu mərhələdə “Borussiya” (Dortmund) – “Lill” cütünün qalibi ilə qarşılaşacaq.