İnsanı ucaldan ilk növbədə onun ziyalılığı, elmi dünyagörüşü, həyata baxışıdır. Bu şəxsi keyfiyyətlərin sırasında ziyalılığın məsuliyyəti daha böyükdür. Görkəmli alim, hüquq elmləri doktoru, professor Habil Qurbanov sözün həqiqi mənasında əsl ziyalıdır. Sadəliyindən təvazökarlığına, həyat tərzinə, insanlara münasibətinə, məsələlərə dərin fəhmlə yanaşmasına, onları anlamaq bacarığına, ictimai-siyasi mövqeyinə və fəallığına qədər... Bunun üçün daha bir ifadəyə ehtiyac yoxdur. Bu, onun əbədi taleyidir. O, artıq 70 ildir ki, davranışları, əməlləri ilə cəmiyyət üçün faydalı nəticələr yaratmağa çalışır. Ziyalı adının böyüklüyünü dərk edərək onun dəyərlərinə sadiqlik göstərir.
Professor Habil Qurbanov həm də baş ədliyyə müşaviri, sadiq dost və gözəl ailə başçısıdır. Onu tanıyanlar üçün çox yaxşı insan və etibarlı silahdaş, yol yoldaşıdır.
"İnsan öz zəmanəsinin övladıdır" deyib müdriklər. Burada zəmanə deyərkən ümumilikdə hər bir kəsin doğulub böyüdüyü, tərbiyələndiyi vaxtın yaratdığı şərait nəzərdə tutulur. Həqiqətən, insanın şəxsiyyət kimi formalaşmasında, dünyagörüşü çevrəsinin genişliyində böyüdüyü mühit xüsusi əhəmiyyət kəsb edir.
O, düz yetmiş il öncə yurdumuzun gözəl guşəsi olan Ağdam şəhərində, bahar bayramı ərəfəsində, təkcə ağdamlıların deyil, bütün qarabağlıların tanıdığı və hörmət bəslədiyi ziyalı ailəsində dünyaya gəlib.
El məsəli var - insanın adı çox vaxt onun taleyini və xarakterini müəyyənləşdirir. Habil Qurbanovun adı da onun xarakterik xüsusiyyətlərini və şəxsi keyfiyyətlərini müəyyən etdi, həyat yoluna işıq saçan ulduza çevrildi. Bu adın mənası çoxlarına məlumdur.
Bu ad bəşər övladının ilk adlarından, Adəm və Həvvanın iki oğlundan birinin ismidir. Müqəddəs kitablarda, o cümlədən "İncil" və "Quran"da bu ad dəfələrlə qeyd olunub. Bütün inanclarda o, zəka, istedad, zəhmət, fədakarlıq, səbr və insanlara olan təmənnasız sevgi ilə əlaqələndirilir.
Xoşbəxtlikdən bütün bu keyfiyyətlərin ən gözəl təzahürləri Habil Surxay oğluna xasdır. Nə yaşadığı illər, nə onun ictimai statusu və mövqeyi, nə yüksək titulları, nə də rəhbərlik etdiyi məsul dövlət postları bu insanın adının ilahi qüvvəsindən doğan mənəvi keyfiyyətlər çələnginə təsir etdi. Habil Qurbanovun şəxsiyyəti məhz mənəvi-əxlaqi dəyərlərdən qidalandığı üçün o, həyat yolunda dəfələrlə qarşılaşdığı çətinlikləri ləyaqətlə dəf etdi. Belə ki, hər dəfə taleyin şıltaqlıqları ilə üzləşərkən həyatın zərbələrindən sarsılmadı, gücünü, möhkəmliyini saxladı, bir də uca Tanrının ədalətinə güvəndi, bütün bunlara fəlsəfi mövqedən yanaşdı.
Habil müəllim Dövlət Pedaqoji İnstitutunu coğrafiya müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirsə də, tale onun yolunu tamam başqa sahəyə yönəltdi. İllər sonra o, SSRİ Daxili İşlər Nazirliyinin (DİN) Volqoqrad Ali İstintaq Məktəbini bitirərək peşəkar hüquqşünas oldu. Onun şəxsində peşəkar mütəxəssis kimi gözəl keyfiyyətlər öz əksini tapmışdı. Daxili işlər orqanlarında işlədiyi müddətdə vəzifə pillələrində sürətlə ucaldı. Uzun illər Daxili İşlər Nazirliyi sistemində çalışdıqdan sonra xidməti fəaliyyətini prokurorluq orqanlarında davam etdirdi və elə orada da onun həm mütəxəssis, həm də rəhbər işçi kimi yüksək peşəkarlığı daha dolğun şəkildə üzə çıxdı.
Habil müəllimin yubileyi ərəfəsində elə düşünürdük ki, əziz dostumuz haqqında yazmaq asan olacaq. Lakin əlimizə qələm alanda anladıq ki, bu ziyalı insanın keçdiyi həyat yolunu qısa bir yazıda əks etdirmək mümkün deyil. Eyni zamanda onun şəxsi keyfiyyətlərinin genişliyi, bütün bunların bir məqalədə mümkün qədər əks etdirilməsi də asan bildiyimiz işi çətin etdi. Yazıya başlayanda anladıq ki, Habil müəllimin həyat və fəaliyyətini tam əhatə etmək üçün bəlkə də kitablar yazılmalıdır.
Fədakar, alicənab insan, sədaqətli dost
Habil müəllim təkcə şad günlərdə deyil, həm də çətin anlarda, ağırlıq evin astanasında dayananda bizimlə çiyin-çiyinə duran fədakar, alicənab və sədaqətli dostdur. Ata-babalarımız əbəs yerə deməyiblər ki, "dost ağır gündə tanınır".
Uzun dostluq illərində biz Habil müəllimi müxtəlif həyat şəraitində və taleyin sərt döngələrində tanıdıq. Odur ki, ötüb-keçən həmin illərdən sonra biz tam cəsarətlə, qürurla deyə bilərik: "Bu dünyada yarım əsrdən çox yaşadığımıza baxmayaraq, belə fədakar, sadiq, təmənnasız, diqqətli və həssas insana nadir hallarda rast gəlinir".
Həyat göstərir ki, hər bir insanın çoxlu tanışı, həmkarı ola bilər. Lakin onlardan ancaq bir neçəsi həqiqi dost kimi üzə çıxır. Bu mənada Habilin adını qürurla çəkə bilərik. Onun dostluğu, sədaqəti bizə nümunədir. Gərək Habil Qurbanov olmalısan ki, öz dostlarının hərəkətlərində gələcəkdə onların yüksəlişinə mənfi təsir göstərə biləcək nəticələri qabaqcadan görə biləsən. Uzun illər ərzində Habil müəllim dostlarını ziyanlı təsirlərdən, pis niyyətlərdən, riyakar münasibətlərdən hifz edərək qoruyub. Və elə bu gün də belə qalır.
Şübhəsiz ki, professor Habil Qurbanovun şəxsiyyətinin genetik əsası olan bu nəcib insani keyfiyyətlər onun həm elmi fəaliyyətinə, həm də karyerasına müsbət təsir göstərmişdir.
Prokurorluq orqanlarında peşəkar xidmət
1990-cı ildə Azərbaycan SSR-in prokuroru mərhum İlyas İsmayılov Habil Qurbanovu prokurorluq orqanlarına işə dəvət etdi. Onun apardığı kadr siyasətində namizədin iki şəxsi keyfiyyətinə - mənəviyyatına və peşəkarlığına üstünlük verilirdi. İlyas İsmaylov gənc, istedadlı alim olan Habil Qurbanov haqqında çox müsbət məlumatlar aldıqdan sonra onunla görüşür və SSRİ Daxili İşlər Nazirliyinə (yubilyar Habil müəllim o illərdə ittifaqın Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Bakı Xüsusi Orta Milis Məktəbinin rəis müavini vəzifəsində çalışırdı) H.Qurbanovun Azərbaycan SSR Prokurorluğuna köçürülməsi ilə bağlı sorğu göndərir. O vaxta qədər Habil Qurbanov SSRİ Daxili İşlər Nazirliyi Akademiyasının adyunkturasında namizədlik dissertasiyası müdafiə etmiş, vəzifə pillələrinə uğurla yüksəlmiş, cinayət hüququnun və kriminologiyanın aktual problemlərinə dair mötəbər hüquqi nəşrlərdə mütəmadi olaraq məqalələr dərc etdirirdi.
Beləliklə, Habil Qurbanov Bakı Şəhər Prokurorluğunun Ümumi nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunur. Qısa müddət ərzində peşəkarlığı, yüksək şəxsi keyfiyyətləri ilə həmkarları arasında hörmət və rəğbət qazanır.
Sonrakı illərdə Habil müəllim praktiki işlə elmi yaradıcılığı uğurla uyğunlaşdıra bildi. Onun əsas nailiyyəti isə 1997-ci ildə Moskva şəhərində Rusiya Federasiyası Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda uğurla müdafiə etdiyi Azərbaycan Respublikasının yeni cinayət qanunvericiliyinin ümumi hissəsinin qurulmasının konseptual problemlərinə həsr olunmuş doktorluq dissertasiyası oldu. Doktorluq dissertasiyasında yer alan bir çox nəticə və müddəa 1999-cu ildə müstəqil Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsi qəbul edilərkən qanunvericilik tərəfindən nəzərə alındı.
Habil Qurbanov prokurorluq orqanlarında işlədiyi illər ərzində karyera pillələrində kifayət qədər uğurla irəlilədi: bir il sonra o, böyük prokuror, üç il sonra Bakının Qaradağ rayonu prokurorunun müavini, daha sonra həmin rayonun prokuroru, 1995-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun prokuroru, 1997-ci ildə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cəzaların İcrasına Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyin edildi.
Burada bir həqiqət xüsusi vurğulanmalıdır ki, hər hansı bir vəzifə insanın həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Onda insanın xarakteri üzə çıxır. Cılız xarakterli insanlar vəzifənin verdiyi səlahiyyətlərin, üstünlüklərin əsirinə çevrilib özünü də, tutduğu məqamı da hörmətdən salırlar. Vəzifənin fövqünə ucalacaq qədər güclü xarakterə malik insanlar isə sahib olduğu səlahiyyətləri başqalarının faydasına yönəldir, insanların yüksək rəğbətini qazanırlar. Belə bir xarakter ziyalılığın dəyişməz məziyyətlərindəndir. Sadəliyi, dürüstlüyü, sözünə bütövlüyü, ünsiyyət mədəniyyəti, proseslərə rasional yanaşma tərzi, təşkilatçılıq bacarıqları ilə seçilən Habil Qurbanov vəzifə kürsüsünə insanlara layiqli xidmət vasitəsi kimi yanaşdığını bütün yüksək məqamlarda sübuta yetirib. O, vəzifənin dəyişdirmədiyi adam idi.
Çoxluq hər zaman ona rəğbət bəsləyib
Habil Qurbanovun mövcud problemləri çəkinmədən dilə gətirmək, diqqəti onların həlli yollarına yönəltmək qabiliyyəti də çox güclüdür. Eyni zamanda üzərinə yönələn haqlı-haqsız tənqidləri anlayışla qarşılamaq, məsələlərə təmkinlə, səbrlə reaksiya vermək, ziddiyyətləri diskussiya məcrasına yönəltmək də onun xarakterik xüsusiyyətlərindəndir. Ona görə tutduğu vəzifələrdən asılı olmayaraq, Habil müəllimə çoxluq hər zaman rəğbət bəsləyib. Onun dostlarının sayı bədxahlarının sayından qat-qat üstün olub. O, insani münasibətləri qorumağı bacaran, haqq-salamı heç zaman itirməyən alimdır.
Habil Qurbanov 2001-ci ildə Respublika Prokurorluğunda aparılan islahatlarla bağlı vəzifəsindən istefa verdi və həmin vaxtdan özünü bütünlüklə ictimai və elmi-pedaqoji fəaliyyətə həsr etdi. 2001-2003-cü illərdə Moskva Açıq Dövlət Universitetinin Bakı filialında Cinayət hüququ və cinayət prosesi kafedrasının müdiri, 2003-2010-cu illərdə "Azərbaycan Universiteti"nin Hüquq fakültəsinin dekanı, 2010-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri, 2016-cı ildə AMEA İnsan Hüquqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin baş elmi işçisi, 2017-2024-cü illərdə AMEA Azad Həmkarlar İttifaqının sədri vəzifələrində çalışdı. Habil müəllim hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının sədri vəzifəsində işləyir. O, eyni zamanda Azərbaycan Milli Aviasiya Akademiyası nəzdində Dissertasiya Şurasının, Azərbaycanda və xarici ölkələrdə (Rusiya, Serbiya, Qazaxıstan və s.) nəşr olunan bir çox nüfuzlu hüquq jurnalının redaksiya heyətinin üzvüdür. Bu jurnallarda onun cinayət hüququnun nəzəriyyə və təcrübəsinin müxtəlif aspektlərinə həsr olunmuş maraqlı elmi məqalələrinə tez-tez rast gəlinir.
Hüquq elmləri doktoru, professor Habil Qurbanovun elmi əsərləri sırasında yer almış çoxsaylı məqalə və dərsliklə yanaşı, xarici ölkələrdə (ABŞ, Almaniya, Rusiya) nəşr olunmuş fundamental tədqiqat əsərlərini də qeyd etmək lazımdır. Bu baxımdan onun Moskvada böyük tirajla çap olunmuş və postsovet ölkələrinin kriminoloqları və cinayət hüququ sahəsində ixtisaslaşmış mütəxəssisləri arasında böyük əks-səda doğurmuş cinayət hüququnun ümumi hissəsinin strukturunun nəzəri problemlərinə həsr olunan monoqrafiyasını xüsusilə qeyd etməliyik. Habil müəllim üç yüzdən çox elmi əsərin, iyirmiyə yaxın monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir.
Professor zəngin peşəkarlıq təcrübəsini gənclərlə fəal şəkildə bölüşür. Onun elmi rəhbərliyi altında Azərbaycanda və xaricdə onlarca doktorluq və namizədlik dissertasiyası müdafiə edilib. O, tez-tez elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaları üzrə birinci rəsmi opponent kimi çıxış edir. Avropa Humanitar Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Narkomaniyaya Qarşı Mübarizə Cəmiyyətinin və Rusiya Professorlar Cəmiyyətinin üzvüdür.
Habil Qurbanov fəal elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı, AMEA-nın fəxri diplomu, Pedaqoji Universitetin 100 illik yubiley medalı ilə təltif edilib. O həm də Birinci Qarabağ müharibəsi veteranıdır, "Qarabağ futbol veteranları" klubunun təsisçisi və prezidentidir.
Habil müəllim indi də əzmkar, məhsuldar fəaliyyəti ilə dostlarını, yaxınlarını sevindirir və qürurlandırır. Bu insan on il əvvəl necə idisə, indi də elədir. Onun məşğul olduğu işə can yandırması, sevdiyi axtarış və tədqiqatlarına ruhən qarışması elə budur. Və bu, vətən qarşısında məsuliyyətini dərk edərək işıqlı təfəkkürü, aydın zəkası, iti qələmi ilə hər zaman faydalı olmağa çalışan bir alim - şəxsiyyət üçün ən böyük xoşbəxtlikdir.
İlham RƏHİMOV,
Qara dəniz-Xəzər regionu ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor,
Xanlar ƏLƏKBƏROV,
Hüquqi Tədqiqatlar Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor
Azerbaijan-news.az