Bu mövsüm Azərbaycan Premyer Liqasında ən az qol buraxan komanda “Qarabağ”dır.
Futbolpress.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri 26 oyunda cəmi 16 qol buraxıb. Çempionatın lideri bu görüşlərdə 65 qol vurub. Bu, həm də Premyer Liqanın ən yüksək göstəricisidir.
Ən az qol buraxan digər komandalar “Zirə” və “Araz-Naxçıvan”dır. Müvafiq olaraq 2 və 3-cü yeri tutan kollektivlər eyni sayda – 21 qol buraxıb. “Zirə” əvəzində 43, “Araz-Naxçıvan” 26 qol vurub.
Mövsümün əvvəlində etibarlı müdafiəsi ilə seçilən “Turan Tovuz” 27 qol buraxıb. Tovuzlular sıralamada 4-cüdür. Maraqlı faktdır ki, komandaların qol buraxma sayları məhz turnir cədvəlindəki mövqeləri ilə eyni sıralamadadır.
Çempionatda ən çox qol buraxan isə “Kəpəz”dir. Gəncə təmsilçisi 26 oyunda 52 qol buraxıb. Bu, ortalama hər matça 2 qol deməkdir. Cəmi 22 qol vuran gəncəlilər 22 qolla çempionatda ən az qol vuranlar siyahısında 3-cüdür.
Qol yollarında ən böyük problem isə “Sumqayıt”dadır. 11 oyunluq qolsuzluq seriyasını son turda “Kəpəz”lə matçda pozan Vaqif Cavadovun yetirmələri 26 oyunda 18 qol vurub.
Şahin Cəfərov