AZ

Minskdə MDB məkanında əmək miqrantlarının tibbi sığortası məsələsi müzakirə olunub

Bakı, 12 mart, AZƏRTAC

Minskdə, MDB İcraiyyə Komitəsinin binasında Birliyin iştirakçısı olan dövlətlərin ekspertlərinin iştirakı ilə MDB məkanında əmək miqrantlarının və onların ailə üzvlərinin tibbi sığortası məsələsi müzakirə olunub.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, ekspert qrupunun üzvləri bu məsələ üzrə Saziş layihəsinin ayrı-ayrı bəndləri ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələrdə Azərbaycan, Belarus, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistandan olan mütəxəssislər layihəyə təklif və iradlarını bildiriblər. Onların bir çoxu iclasda onlayn formatında iştirak edib.

Müzakirələrdə qeyd edilib ki, əksər ölkələrdə işçi qüvvəsinin daxili və xarici hərəkətinin tənzimlənməsi üzrə dövlət siyasəti milli miqrasiya qanunvericiliyi və beynəlxalq müqavilələrlə tənzimlənir ki, bu da tibbi xidmətin göstərilməsi məsələlərinə təsir edir. Birlik səviyyəsində əmək miqrantlarına səhiyyə xidməti məsələləri hazırda ayrıca götürülmür və yalnız təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təsir edən beynəlxalq müqavilələrlə tənzimlənir.

Eyni zamanda, əmək miqrantları, xüsusən də ixtisası olmayan işçilər çox vaxt məhdud sosial müdafiə şəraitində işləyir, onların səhiyyə və digər sosial xidmətlərə çıxışı məhduddur. Bu cür hallar əmək miqrantlarının və onların ailə üzvlərinin tibbi sığortası məsələlərində əməkdaşlıq haqqında Saziş layihəsinin hazırlanmasına təkan verib.

Saziş layihəsinin yekun variantının müəyyən edilmiş qaydada baxılması üçün Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasına təqdim edilməsi planlaşdırılır.

 

Seçilən
10
azertag.az

1Mənbələr