AZ

AFBİA: Bazar iştirakçıları səmərəli ticarət mexanizmləri yaratmalıdır

Bazar iştirakçıları şəffaf və səmərəli ticarət mexanizmlərinin yaradılması üçün çalışmalıdır.

"Report" xəbər verir ki, bunu “Azərbaycan Fond Birjasi İştirakçılarının Asossasiyası” İctimai Birliyinin (AFBİA) İdarə heyətinin sədri Ceyhun Hacıyev 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.

"Sürətlə dəyişən qlobal iqtisadi şəraitdə kapital bazarlarının dayanıqlığı və rəqabət qabiliyyəti yalnız maliyyə institutları üçün deyil, bütövlükdə ölkə iqtisadiyyatı üçün həlledici rol oynayır. Bunun üçün həm dövlət qurumları, həm də özəl sektorun aparıcı nümayəndələri və beynəlxalq investorlarla birlikdə effektiv həll yollarını tapmalıyıq. Kapital bazarları sadəcə maliyyələşdirmə mənbəyi deyil, iqtisadi diversifikasiyanın və dayanıqlı inkişafın əsas sütunlarından biridir", - o vurğulayıb.

Onun sözlərinə görə, güclü və rəqabətə davamlı fond bazarları investorlar üçün yeni imkanlar açır, yerli şirkətlərin əlverişli şərtlərlə maliyyələşməsinə şərait yaradır, ölkənin qlobal iqtisadiyyata inteqrasiyasını sürətləndirir: "İnkişaf etmiş bazar iştirakçı strukturu olmadan uzunmüddətli investisiya axınını təmin etmək mümkün deyil. Biz bazar iştirakçıları olaraq, şəffaf və səmərəli ticarət mexanizmlərinin yaradılması üçün çalışmalıyıq".

C.Hacıyev bildirib ki, xüsusilə, yeni maliyyə alətlərinin tətbiqi, yerli bizneslərin fond bazarlarına çıxış imkanlarının genişləndirilməsi, xarici investorların cəlb olunması və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunmalıdır. "Tənzimləyicilər, bazar iştirakçıları və investorlar arasında güclü əməkdaşlıq yaratmaq, şəffaflığı təmin etmək və bazarda rəqabət qabiliyyətini artırmaq vacibdir".

Seçilən
24
report.az

1Mənbələr