Novruz bayramı öncəsi ölən insanların yaxınları “qara bayram” adlı mərasim keçirirlər. Bu bayram vaxtı insanlar dünyasını dəyişənlərin qəbirlərini ziyarət edirlər. Ziyarət vaxtı məzarların üzərinə səməni, şirniyyat xonçası qoyurlar.
Bəs görəsən, İslamda “Qara Bayram” anlayışı var?
Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında bildirir ki, islam dinində iki bayram əmr olunub: Qurban və Ramazan.
“Bundan başqa bayram və heç bir matəm yoxdur. Digər bayram və matəmlər isə sonralar qondarma formada ortaya çıxıb və mənfi amallara xidmət edir. Fəqət ölkəmizdə də “qara bayram”, “qara çərşənbə” kimi anlayışlar var. Bayramın da qarası olar? Bayram şənlik, sevinc deməkdir. Qaradırsa, demək artıq bayram deyil. Yox, kiminsə qara gəlmiş bayramından söhbət gedirsə, dinimizə görə bu da yanlışdır. Çünki İslama görə ölüm bədbəxtlik deyil, həyatın dəyişməsidir. Bəzən də deyirlər torpaq çərşənbəsində ölülər canlanır, ona görə onların bayramıdır. Bunlar əksi inanclardan, Zərdüşt dinindən, məcusi-atəşpərəstlikdən keçmədir.“
İlahiyyatçı qeyd edir ki, İslam dininə görə ölüləri hər zaman ziyarət etmək olar. Amma ənənəyə görə bayramlarda və cümə axşamı günü ziyarət edilsə, daha məqsədəuyğundur.
“Qara bayram”ın müsəlmanlığa, İslama, Türk xalqına dəxli yoxdur. Bidət, xurafat və cəhalət əlamətidir. Bəziləri də aparıb qəbrin üstünə qoz-fındıq, meyvə qoyurlar. Bunlar hamısı əski Ariyan, Hind dinlərinin farslar vasitəsi ilə bizə keçmiş detallarıdır. Yezidilikdə də belə adətlər var. Yəni, İslama bunun əsla aidiyyəti yoxdur. Və İslamda qara, qırmızı və digər qondarma bayramlar mövcud deyil. Mərhumları ziyarət etmək istəyən istənilən ayda, gündə ziyarət edə, dua oxuya, bağışlanma diləyə bilər. Onun üçün xüsusi bir “qara bayram” anlayışı uydurmağa gərək yuxdur. Dinimiz İslamdırsa, ona inanmaq və bunu təhrif etməmək lazımdır. “
Aynurə İsmayıl
KONKRET.az