Polşanın baş naziri Donald Tusk Türkiyəyə ikigünlük səfərə gedir və orada prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, uçuşdan əvvəl mətbuat konfransında Tusk bildirib ki, o, Ərdoğanla digər məsələlərlə yanaşı, Ukrayna və Avropada təhlükəsizlik məsələlərini də müzakirə edəcək.
Polşa hökumətinin başçısı vurğulayıb ki, Ukrayna məsələsi Polşanın maraqları və təhlükəsizliyi baxımından birinci dərəcəli əhəmiyyətə malikdir.
“Və bizim nöqteyi-nəzərimizdən çox vacibdir ki, NATO ölkələri və Avropa ölkələri eyni vaxtda atəşkəsdən sonra sabitliyə və Rusiya-Ukrayna sərhədində sülhə səmərəli təminat versinlər. Türkiyənin buradakı rolu həlledici ola bilər”.
Tusk həmçinin əlavə edib ki, Türkiyə prezidenti ilə Polşa və Türkiyənin regionda sabitliyin təmin edilməsində rolunu, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların nəticələrini, həmçinin bölgədə, o cümlədən Rusiya-Ukrayna sərhədində uzunmüddətli sülhün təmin edilməsi üçün həm Türkiyə, həm də Polşanın mümkün iştirakı məsələlərini müzakirə edəcək.