Milli Məclisin deputatı Vüqar Rəhimzadənin SİA-ya müsahibəsini təqdim edirik:
- Bütün dünyanın diqqəti Tramp-Putin görüşünün nə vaxt olacağı ilə bağlıdır. Trampın prezidentliyi dünya üçün nə vəd edir?
- Dünyada yenidən nizam yaranır. Dünyada gedən ictimai-siyasi proseslərlə bağlı dünyanın gücləri arasında qızğın müzakirələr getməkdədir. Bu baxımdan D.Trampın yenidən Prezident seçilməyi bütün dünya ölkələrinin, siyasi qüvvələrin, beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Düşünürəm ki, D.Trampın prezident seçilməyi üçün əvvəlki dönəmlərə, xüsusilə də, Bayden hakimiyyətinə nisbətən kifayət qədər pozitiv yanaşmalarım var. Trampın birinci hakimiyyəti dövrünə nəzər salsaq, görərik ki, dünyada gedən proseslərə fərqli baxışı, yanaşması, balansı, eyni zamanda ədalətli yanaşmasının da şahidi olarıq. Bilirsiniz ki, Amerika dünyada böyük gücə, böyük sözə, böyük təsir imkanlarına malik olan ölkədir. Amerika beynəlxalq təşkilatlar çərçivəsində kifayət qədər o təşkilatların siyasi proseslərinə təsir etmək imkanı əldə edən ölkədir. Amerika Birləşmiş Ştatlarının Qərbin, Avropa, Asiya, Yaxın Şərq ölkələrində siyasəti bəllidir. Əlbəttə, Trampın hakimiyyətə gəlişi münaqişə ocaqlarının səngiməsində, ziddiyyətli anların aradan qalxmasında müsbət dinamikanın olacağına dəlalət edir. Birinci hakimiyyəti dövründə bunları müəyyən mənada görmüşük. Bayden hakimiyyətinin çox ədalətsiz, çox təsirsiz güc olduğunu gördük. Bu gün artıq fərqli dönəmin, dövrün, eyni zamanda da fərqli siyasi baxışların şahidi oluruq.
- Cənubi Qafqazla bağlı əsas siyasi xətt nə ola bilər?
- Ümumiyyətlə, Cənubi Qafqaz geosiyasi baxımdan çox mühüm ərazidir. Dünyanın diqqət mərkəzində olan çox vacib regionlardan biridir. Cənubi Qafqaz Asiya ilə Avropanı birləşdirəcək çox böyük logistik dəhlizə, təsirə malik olan regiondur. Trampdan əvvəlki Bayden hakimiyyəti dövründə Cənubi Qafqazda da balanssız siyasət yürüdülüb. Fərqli, ziddiyyətli siyasət yürüdüldüyünün şahidi olmuşuq. Ona görə də, Cənubi Qafqazda bu gün tədricən siyasi sabitliyin bərpa olunduğu bir dönəmdir. Burada Gürcüstan faktorunu xüsusilə qeyd etmək istəyirəm. Rusiyanın, eyni zamanda Amerikanın müxtəlif dönəmlərdə Gürcüstana təsir vasitəsi, Xarici Agentlər haqqında qanunun qəbul olunması ilə bağlı Qərbin bir sıra beynəlxalq təşkilatlarının Gürcüstana təsir vasitəsi nə qədər böyük idisə, bu gün tədricən Gürcüstanda da siyasi baxımdan səngimələr reallaşmaqdadır. Siyasi sabitliyin bərqərar olunmasına yönəlmiş addımlar bizə pozitiv yanaşma, fikirlər ortaya qoymağa, səsləndirməyə əsas verir. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması da hesab edirəm ki, bu proseslərə təsir edən vacib məsələ olacaq. Bununla bağlı da müəyyən addımlar atılmaqdadır. Bu sülh müqaviləsinin imzalanması yalnız Ermənistanın bir çox məsələlərə ədalətsiz yanaşmasına görə uzanır. Bu baxımdan düşünürəm ki, Cənubi Qafqaz hər zaman dünyanın diqqət mərkəzində olub.
- Kreml üçün Trampın atacağı addımlar hansı presedentlər yarada bilər?
- Tramp prezident kimi and içdikdən sonra Putinlə görüşlə bağlı səslənən fikirlər hər zaman gündəmdədir. Bu gün də gündəmdən çıxmayıb. Müxtəlif fikirlər səslənir. Onların Səudiyyə Ərəbistanında, Türkiyədə, bir sıra ölkələrdə görüşü ilə bağlı fikirlər səslənir. Rusiya-Ukrayna müharibəsi göz önündədir. Bu müharibə dünya üçün narahatlıq doğuran məsələlərdən biridir. Rusiya-Ukrayna arasında olan gərginlik dünyada, beynəlxalq arenada ədalətli sabitliyin bərpa olunmasında böyük əngəl və maneədir. Ona görə də, Rusiya-Amerika münasibətlərinin yaxınlaşması bu gün müzakirə predmeti olaraq həm beynəlxalq təşkilatlar çərçivəsində, həm Qərbin aparıcı ölkələri, Amerikanın siyasi qüvvələri tərəfindən müzakirə olunmaqdadır. Rusiya-Amerika nümayəndələri bir dəfə Səudiyyə Ərəbistanında görüşüblər. Müəyyən məsələlərlə bağlı pozitiv fikirlər səslənib. Nümayəndə heyəti çərçivəsində reallaşan görüşdə müəyyən fikirlər səslənib, bu görüşün əhəmiyyəti, mahiyyəti, dünya və bölgə üçün dəyəri ilə bağlı fikirlər səsləndirilib. Trampın da Rusiya ilə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi bəllidir. Ona görə də, düşünürəm ki, bu yaxınlaşma, bu kontekstdə olan görüşlər ümumi region və dünyada gedən münaqişəli məsələlərlə bağlı müəyyən tənzimlənmələrin yaranmasına gətirib çıxara bilər. Ona görə də, zaman göstərəcək ki, Amerika-Rusiya danışıqları nə vaxt, harada baş tutacaq.
- ABŞ Kanadanı 51-ci ştatı elan etmək istəyir. Rusiya da bu məqamda Ukraynada olan işğalını davam etdirir. Ortadakı bu ziddiyyətlə bağlı nələr demək olar?
- Amerika Birləşmiş Ştatlarının dünyadakı gücü bəllidir. Bu, reallıqdır. ABŞ təkcə ölkələrə deyil, dünyanın ən aparıcı beynəlxalq təşkilatlarına belə təsir etmək imkanına malikdir. ABŞ-ın həm maliyyə dəstəyi, digər sferalarda sferalarda beynəlxalq təşkilatlara, yaxud ölkələrə dəstəyi, münasibətləri Amerikanın Kanada ilə bağlı düşüncələrinə əsas verir. Kanada qonşu ölkə olmasına baxmayaraq Tramp prezident seçildiyi zaman andiçmədə, hətta andiçmədən əvvəl belə bu ölkəni 51-ci ştat elan etmişdi, qərarını vermişdi. Bunun hansı məcrada dərinləşməsini isə zaman göstərəcək. Ümumiyyətlə, Rusiya və Amerika münasibətlərinin ümumi fonda müsbət məcrada inkişaf etməsi düşünürəm ki, Ukrayna-Rusiya münasibətlərinin də tənzimlənməsində müəyyən rola malik olacaq. Düzdür, Ukraynanın böyük ərazisi artıq işğal altındadır. Bunu bütün dünya bilir. Hələ bu işğal davam edir.
- Ola bilər ki, Tramp-Putin görüşü bu münaqişəyə birdəfəlik son qoysun?
- Zelenskinin ABŞ-a son səfəri kifayət qədər Ukrayna-Amerika münasibətlərinin və Rusiya-Ukrayna münaqişəsinin həll olunması ilə bağlı olan ümidləri müəyyən mənada neqativə kökləndirdi. Bu görüşün canlı dünya ictimaiyyətinə təqdim olunması ilə bağlı kifayət qədər ziddiyyətli məqamların ortaya çıxdığını gördük. Bütün dünya mediası Zelenskinin Ağ Evi tez tərk etməsi ilə bağlı fikirlər səsləndirdi. Bu hal doğurdan da, Ukrayna üçün arzuolunan deyildi. Hətta Amerikanın özü üçün də arzuolunan hal deyildi. Ukrayna-Rusiya müharibəsində Qərb ölkələri daha çox Ukraynanın yanında idi. Hətta beynəlxalq təşkilatlar çərçivəsində maddi baxımdan dəstək olurdular. Silah tədarükü ilə bağlı da Ukraynaya dəstək olmaları Ukraynanın Qərbə meyillənməsinə səbəb oldu. Zelenski İngiltərəyə səfər etdi, böyük müzakirələr keçirildi. Sanki Zelenskiyə yenidən bir ruh verildi. Amerikadakı gərgin mühitdən sonra Zelenskinin belə qarşılanması onu daha da ruhlandırmışdı.