"Azərbaycanda xristianlara da, yəhudilərə də, hətta qeyri-ənənəvi dini təriqətlərə də dözümlülüklə yanaşılır". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.
O bildirib ki, bütün dinlərə mümkün qədər şərait yaradılır: "Dövlət tərəfindən xristian, yəhudi, hətta onlar səviyyəsində olmayan bir sıra məzhəblər, dinlərə yardım ayrılır. Dözümlülük, multikulturalizm baxımından Azərbaycanda başqa dinlərə qarşı multikulturalizm səviyyəsi məqbul sayılır. Azərbaycan nadir ölkələrdəndir ki, burada demək olar ki, dövlət siyasətinə mənfi yanaşmayan hər bir dini nümayəndəliyə hörmət, yardım edilir.
Azərbaycan əhalisinin 94 %-i İslam, 3 %-i xristianlıq, 2 %-i dinsiz, 1 %-i isə digər dinlərə məxsusdur. Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi (mərkəzi Təzəpir məscidi), Rus Pravoslav Kilsəsi Bakı yeparxiyası (mərkəzi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı), Azərbaycan Həvari Prefekti (mərkəzi Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi), Aşkenazi yəhudilərinin sinaqoqu, Dağ yəhudilərinin sinaqoqu fəaliyyət göstərir. Bunlardan başqa Azərbaycanda Bakı Krişna Şüuru, müxtəlif molokan ruhani-xristian, alban-udi, protestantlıq, gürcü pravoslav, yəhudi və bəhai dini icmaları fəaliyyət göstərir.[8] 2023-cü ilə qədər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası (mərkəzi Qazançetsots kafedralı) fəaliyyət göstərirdi.
İslam dini də müxtəlif baxışların və mədəniyyətlərin yanaşı yaşaya bilməsini inkar etmir, eyni zamanda müxtəlifliyi təqdir edir. İslam dininin insanların uzaq durmasını tövsiyə etdiyi anlayış Allaha şərik qoşmaqdır. Allaha şərik qoşmadan bütün dinlər və mədəniyyətlərlə qarşılıqlı əlaqənin qurulması, multikultural ənənənin yayılması İslamın qarşı çıxmadığı məsələlər sırasındadır.
Müsəlmanların iman gətirdiyi Kitabda başqa dinlərin təmsilçiləri ilə bağlı bir çox ayələr yer alır. Bu ayələrin əksəriyyəti həmin dinlərin mənsublarını xor görmədən yaşamağı tövsiyə edir. Quranda adı keçən dinlərin təmsilçiləri Musəvilər (yəhudilik dininə inananlar) və xristianlardır. Quranda Musəvilər və xristianlar "Kitab əhli” olaraq adlandırılır. Bunun səbəbi hər iki dinin mənsublarının Allahın vəh etdiyi ilahi kitablara tabe olmalarıdır. İslamın Kitab əhlinə qarşı baxışı isə son dərəcə ədalətli və mərhəmətlidir".