"Təmas" Regional İnkişaf İctimai Birliyi sığınacaqda qalan qadınların psixoloji dəstəyə ehtiyacını nəzərə alaraq, Peşəkar Psixoloqlar İctimai Birliyi ilə əməkdaşlığa başlayır.
Bu barədə QHT.az-a açıqlama verən Təmas İB-nin icraçı direktoru Südabə Məmmədova bildirib ki, təşkilat daxilində qadınlara qrup terapiyaları və fərdi psixoloji seanslar təşkil ediləcək:
"Bununla bağlı Təmas İB-nin sədri Kübra Ələkbərova və Peşəkar Psixoloqlar İB-nin sədri Səbinə İsmayılova arasında müzakirələr aparılıb. Görüş zamanı əməkdaşlığın istiqamətləri və sığınacaqda qadınlara göstəriləcək psixoloji dəstək müzakirə olunub. Aprel ayında əməkdaşlıq çərçivəsində növbəti görüşlər keçiriləcək və rəsmi memorandum imzalanacaq. Memorandum çərçivəsində sosial işçilərlə təlimlər təşkil ediləcək və psixoloji xidmətlər gücləndiriləcək. Bu təşəbbüs həssas qrupdan olan qadınların sosial inteqrasiyasına və psixoloji rifahının yaxşılaşdırılmasına mühüm töhfə verəcək".
Pərvanə Fərhadqızı