"Bu gün Azərbaycan qlobal siyasi münasibətlərdə bölgənin aparıcı ölkələrindən biridir. Ölkəmizin strateji mövqeyi nəzərə alınmadan dünyada baş verən dəyişikliklər və siyasi müzakirələr tam mənzərəni əks etdirə bilməz. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə mühüm uğurlara imza atdı. Ardınca torpaqlarımız işğaldan azad edildi və separatçılıq qalıqları tamamilə darmadağın oldu".
Bu sözləri Operativ Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycanın nailiyyətləri yüksələn xətt üzrə davam edir: "Bu gün dünyanın nüfuzlu şəxsləri ölkəmizə səfərlər edir. Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri hətta ölkəmizin üzv olmadığı təşkilatlarda belə, xüsusi diqqətlə izlənir. Azərbaycanın həm geosiyasi mövqeyi, həm də əldə etdiyi uğurlar onu bölgədə aparıcı və vacib bir ölkə statusuna yüksəldib.
Hazırda Azərbaycanın mövqeyi olmadan qlobal siyasi layihələrdən danışmaq mümkün deyil. Azərbaycan bölgənin kilid və açar ölkəsinə çevrilib. Bu uğurlar təkcə xarici siyasətdə deyil, ölkədaxili sosial-siyasi islahatlar və siyasi dialoq mühitinin yüksək səviyyədə olması ilə də özünü göstərir.
Azərbaycanın beynəlxalq arenadakı rolu və Cənubi Qafqazdakı əhəmiyyəti hər keçən gün daha da artır. Təkcə son bir il ərzində dünya siyasi liderlərinin ölkəmizə etdikləri səfərlər, Azərbaycanın mövqeyinin və siyasi uğurlarının pik nöqtəyə çatdığını açıq şəkildə sübut edir".