Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan və quş ətinin iaşə və ticarət obyektlərində satışı və istifadəsinin qarşısının alınması ilə əlaqədar monitorinqlər keçirilib.
Monitorinqlər Xaçmaz, Kürdəmir, Siyəzən, Göyçay, Quba, Tovuz, İsmayıllı və Şabran rayonlarında yerləşən restoran, kafe və digər ictimai iaşə obyektlərini əhatə edib.
Xaçmaz rayonunda fəaliyyət göstərən "Turan", Kürdəmir rayonunda fəaliyyət göstərən "Aran", Siyəzən rayonunda fəaliyyət göstərən "Xarı Bülbül", Göyçay rayonunda fəaliyyət göstərən "Yurd yeri", Quba rayonunda fəaliyyət göstərən "Fayton", Tovuz rayonunda fəaliyyət göstərən "Suyun səsi", İsmayıllı rayonunda fəaliyyət göstərən “Qoca Çinar” və Şabran rayonunda fəaliyyət göstərən “Karvan” iaşə obyektlərində keçirilmiş monitorinqlər zamanı xeyli sayda ovlanmış quş aşkar olunaraq götürülüb.
Aşkarlanmış nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb və hazırda monitorinqlər davam etdirilir. Ekologiya.az