Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudovun Offsideplus.az-a müsahibəsi

 

- Söhbətimizə son beynəlxalq yarışla bağlı başlamaq istərdik. Azərbaycanın kişilərdən ibarət milli komandasının tarixində ilk dəfə qatıldığı dünya çempionatının təsnifat mərhələsindəki çıxışını necə qiymətləndirirsiniz?

 

- Seçmə mərhələdə qrupdakı rəqiblərimizə qarşı sonadək mübarizə apardıq. Bizim üçün böyük təcrübə oldu. İnanıram ki, gələcək seçmə oyunlarda daha müsbət nəticələr qazanacağıq.

 

- Qadınlardan ibarət yığma da bir müddət öncə beynəlxalq yarışda qüvvəsini sınayıb. Milli komandamızın güclənməsi üçün nə tələb olunur?

 

- Qadın basketbolunun inkişafı üçün əlimizdən gələnin ən yaxşısını edirik. Avropa çempionatının seçmə mərhələsində uğursuz nəticələr oldu, amma nəzərə almaq lazımdır ki, qadın millimizdə orta yaş həddi 17,5-dir. Yəni komanda faktiki olaraq, yeniyetmələrdən təşkil olunub. İnanıram ki, gələcək illərdə qızlarımız öz oyunlarını inkişaf etdirəcək və ölkə basketbolsevərlərini uğurlu nəticələrlə sevindirəcəklər.

 

- Şübhəsiz ki, istənilən idman növündə inkişafa nail olmaq üçün aşağı yaş qrupları ilə işləmək vacib sayılır. Ölkəmizdə basketbola uşaqların cəlb olunması üçün hansı addımlar atılır?

 

- Aşağı yaş qrupları ilə işləyən kifayət qədər güclü əcnəbi mütəxəssislərimiz və uşaq məşqçilərimiz var. Bu şəxslər Bakı ilə yanaşı, həm də bölgələrdə fəaliyyət göstərirlər. Ölkəmizdə tez-tez keçirilən seleksiya xarakterli toplanışlar bu mənada əsas addımlardan sayılır.

 

-  Basketbolun kütləviləşməsi üçün təkcə paytaxt Bakıda deyil, bölgələrdə də xeyli işlər görmək lazımdır. Bu idman növünün digər rayon və şəhərlərimizdə inkişafı üçün hansı proseslər gedir?

 

- Bölgələrdə yaradılmış basketbol akademiyaları inkişafın əsas istiqamətlərindən biridir. Təbii ki, regionlarda “Gəncə”, “Lənkəran”, “Şəki” və “Quba” kimi peşəkar klubların fəaliyyət göstərməsi də inkişafa təsir edən başlıca məqamlardandır.

 

- Ölkəmizdə beynəlxalq təcrübədə, xüsusilə ABŞ-da olduğu kimi, ali təhsil ocaqlarında komandalar formalaşdırılması, çempionatlar keçirilməsi planlaşdırılırdı. Bu istiqamətdə işlər nə yerdədir?

 

- Bu istiqamətdə işlər intensiv şəkildə aparılır. Gələcəkdə yekun planla bağlı hər hansısa yeniliklər olarsa, mütləq bu barədə mətbuata geniş məlumat veriləcək.

 

-  Basketbolu qadınlar arasında inkişaf etdirmək xüsusilə çətindir. Azərbaycanda mental dəyərlər, eləcə də, bu idman növünün ənənələrinin olmaması məsələni bir qədər də qəlizləşdirir. Qızları basketbola cəlb etmək üçün görülən işlər sizi razı salırmı? İdmançı olmaq istəyən azərbaycanlı xanım nəyə görə basketbolu seçməlidir?

 

- Yığmamızın baş məşqçisi Evren Alkaya başda olmaqla, artıq yavaş-yavaş qadın basketbolunu ölkəmizdə bir nöqtəyə gətirmək üçün addımlar atırıq. Qadınlardan ibarət milli komandamız formalşdırılıb. Bunun özü inkişaf göstəricisidir. Yeniyetmə qızlardan ibarət yığmamız 2023 və 2024-ci illərdə Avropa çempionatı C divizionunun qalibi olmağı bacarıb. Bu ildən etibarən isə yeniyetmə qızlarımız ölkə basketbolu tarixində ilk dəfə B divizionunda mübarizə aparacaqlar. 2024-cü il Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış 3x3 qadın milli komandamızın bu tarixi uğuru da qadın basketbolunun inkişafına təsir edən başlıca amillərdəndir. Ümid edirəm ki, gələcək mövsümlərdə qadın basketbolu daha geniiş miqyası əhatə edəcək və o zaman böyük qadın liqasını da yaradacağıq. Belə olduğu halda, qız basketbolçular liqada maddi vəsaitləri göz önünə alaraq, hər hansısa klubda peşəkar basketbolçu karyerasını davam etdirmək istəyəcəklər. Yəni həm sağlamlıq, həm də maddiyat üçün basketbol oynamaq qızlara sərfəlidir. 

- Azərbaycan çempionatlarının sayını artırmağı planlaşdırırsınızmı? Qadınlar arasında çempionatın bərpası, kişilər arasında I liqanın yaradılması, həmçinin həvəskar basketbolçuların Azərbaycan çempionatının təşkili mümkündürmü?

 

- Hazırda üzərində ciddi fikirləşdiyimiz məsələ 1-ci Liqanın yaradılmasıdır. Federasiya olaraq, bu liqa üzərində işlərimiz intensiv şəkildə davam edir. Ölkə basketbolunda istədiyimiz qədər geniş basketbolçu əhatəsi formalaşdıqdan sonra 1-ci Liqa yaradılacaq. Qadın Basketbol Liqasının (QBL) yenidən təşkil olunması barədə də planlarımız var. Əgər bütün işlər istədiyimiz kimi gedərsə, bu mövsüm liqanın oyunları baş tutacaq. Əvvəlki mövsümlərdə həvəskar liqanı təşkil etmişdik ki, bunun təkrarlanması birmənalı olaraq planlarımıza daxildir.

 

- Azərbaycan 3x3 növündə artıq beynəlxalq yarışların mərkəzinə çevrilməkdədir. 3x3 növündə qarşıya qoyulan məqsədlər hansılardır?

 

- 2025-ci il 3x3 mövsümündə Bakıda ilk dəfə təşkil olunacaq kişilər və qadınlar arasında Dünya Kubokunun təsnifat oyunlarında və Dünya Qadın Seriyasında uğurlu nəticələr əldə etmək qarşıya qoyulan məqsədlərdəndir. Bildiyiniz kimi, 3x3 qadın millimiz komanda idman növlərində ilk dəfə Paris Olimpiadasında ölkəmizi təmsil edib. Paris -2024-də iştirakımız bizə inam hissi verir ki, qızlarımız növbəti Olimpiyadaya da vəsiqə qazana bilər. Təbii ki, qarşımıza qoyduğumuz əsas məqsəd 2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnməkdir.

- Çempionatın, yığmanın oyunlarına azarkeş marağını artırmaq üçün hansı planlarınız var?

 

- Bu, zamana bağlı bir prosesdir. Uzun illər ölkəmizdə peşəkar səviyyədə çempionat olmayıb və qısa vaxt ərzində buna nail olmaq asan məsələ deyil. Biz federasiya olaraq çalışırıq ki, Azərbaycanda basketbol ənənəsinin təməlini möhkəm sütunlar üzərində quraq və inanıram ki, vaxt gələcək biz bunu bacaracağıq. Arenalarda müxtəlif  əyləncəli yarışmalar və müsabiqələr təşkil etmək bu istiqamətdə atılan addımlardandır.

-  Federasiya rəhbərliyi basketbolu ölkəmizdə brendlərin yarışına çevirmək niyyətindədir. Şirkətlərin, iş adamlarının bu sahəyə marağı Sizi qane edirmi? Basketbola yeni sponsorların cəlb olunması üçün daha hansı addımların atılması məqsədəuyğundur?

- Hazırda bir neçə tanınmış şirkətlə işbirliyimiz var. Ümidvarıq ki, bu şirkətlərin sayı gələcəkdə daha da artacaq və onlar basketbola daha böyük sərmayələr yatıracaqlar. Ötən mövsüm "Sabah" klubu ölkəmizi avrokuboklarda təmsil etmişdi. Növbəti mövsümdə də bir neçə klubumuzun Avropada çıxış edəcəyi gözlənilir. Elə bunun özü sponsorlar üçün klublarımızla işbirliyində əsas maraqlardan biri olacaq.