Bakı, 12 mart, AZƏRTAC
“Bakıdakı Dünya Kuboku gələcək turnirlərə hazırlığımızda mühüm mərhələ oldu”.
AZƏRTAC xəbər verir ki, bu sözləri idman gimnastikası üzrə Qazaxıstan millisinin baş məşqçisi Aleksandr Kim Bakıda keçirilmiş Dünya Kuboku barədə danışarkən deyib.
Mütəxəssis yığmanın turnirdəki nəticəsini uğurlu hesab edib: “Yarışda dörd gimnastla təmsil olunduq. Onlardan üçü fəxri kürsüyə qalxdı. Düşünürəm ki, iki gümüş və bir bürünc medal çox yaxşı nəticədir. Bakıdakı turnir, həmçinin gimnastlarımızın karyeralarında ilklərlə yadda qaldı. İlyas Əzizov yalnız ABŞ-ı təmsil edən idmançılardan geri qalaraq üçüncü yeri tutdu. Məhz bu nəticə ona beynəlxalq dərəcəli idman ustası adını qazandırdı. Dmitri Patanin özünü ən yaxşı şəkildə göstərdi və paralel qollarla hərəkətlərin icrasında ilk mükafatını əldə etdi. Dörd idmançımızdan beşinin final mərhələsində çıxış etməsi yarışa yüksək səviyyədə hazırlaşdığımızın göstəricisidir. Milad Kərimi gimnastika tirində səhvə yol verməsəydi, komandamız Bakıda daha çox medal qazana bilərdi”.
Qeyd edək ki, martın 6-9-da təşkil olunan Dünya Kubokunda 19 ölkədən gimnastlar çıxış edib. Azərbaycan turniri 1 qızıl medalla başa vurub.