“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Orta Dəhlizin inkişafı çərçivəsində limanlar, dəmir yolları, gəmiçilik və logistika mərkəzləri kimi əsas infrastruktur istiqamətlərini əhatə edən investisiya layihələri paketi formalaşdırıb.
Bunu “Report”a müsahibəsində Beynəlxalq Assosiasiyanın baş katibi Qaydar Abdikerimov bildirib.
“Onların həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığı, özəl investisiyalar və dövlət vəsaiti daxil olmaqla müxtəlif maliyyələşdirmə modelləri nəzərdə tutulub. Biz investorlar üçün cəlbedici və qarşılıqlı faydalı şərtlər yaratmağa çalışır, çevik əməkdaşlıq sxemləri, uzunmüddətli zəmanətlər və dəhliz iştirakçısı olan ölkələrin hökumətləri səviyyəsində dəstək təklif edirik. Bu tədbirlər təkcə strateji tərəfdaşları cəlb etməyə deyil, həm də əsas nəqliyyat infrastrukturunun inkişafını sürətləndirməyə, Orta Dəhlizi daha rəqabətqabiliyyətli və səmərəli etməyə imkan verir”, - o qeyd edib.
Baş katibin sözlərinə görə, beynəlxalq maliyyə institutları Orta Dəhlizi strateji əhəmiyyətli istiqamət hesab edir.
“Orta Dəhliz üç əsas qlobal təşəbbüsə inteqrasiya edilib: Çinin "Bir kəmər, bir yol" (Belt and Road Initiative) proqramı, Avropa İttifaqının infrastrukturun inkişafına yönəlmiş “Global Gateway” proqramı, həmçinin strateji nəqliyyat layihələrinə investisiyaların cəlb edilməsini nəzərdə tutan PGII (Partnership for Global Infrastructure and Investment). Bu proqramlar çərçivəsində güzəştli şərtlərlə maliyyə vəsaiti və investisiya dəstəyi təqdim edən beynəlxalq maliyyə institutları fəal şəkildə işləyir. Onların arasında Asiya İnkişaf Bankı (ADB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB) və Dünya Bankı var. Bu təşkilatlar Orta Dəhlizi strateji əhəmiyyətli istiqamət kimi nəzərdən keçirir və biz dəmir yollarının modernləşdirilməsi, limanların inkişafı və nəqliyyat proseslərinin rəqəmsallaşdırılması da daxil olmaqla, əsas infrastruktur layihələrinə investisiyaların cəlb edilməsi üçün onlarla sıx əməkdaşlıq edirik”, - Q.Abdikerimov vurğulayıb.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.