Sanksiyalar qaldırılsa belə Avropa İttifaqı ölkələri Rusiyadan qaz alışını əvvəlki səviyyədə bərba etmək niyyətində deyil. Bunun əsas səbəbi Aİ-nin enerji mənbələrini genişləndirərək bərpa olunan enerji və alternativ qaz təchizatçılarına yönəlməsidir.
Valyuta.Az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı rəsmiləri və enerji şirkətlərinin rəhbərləri Hyustonda keçirilən konfransda bildiriblər.
Dan Yorqensen: "Rusiya kimi təcavüzkar bir ölkədən enerji asılılığını istəyirikmi? Əlbəttə ki, yox"
Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorqensen bazar ertəsi keçirilən konfransda bildirib ki, hazırda Avropa İttifaqı istehlak etdiyi təbii qazın 13 faizini Rusiyadan alır. Bu göstərici 2022-ci ilin fevralında 45 faiz idi. Azalma, əsasən, bərpa olunan enerji mənbələrinin sürətlə inkişaf etdirilməsi hesabına baş verib.
Ötən ay Avropa Komissiyası yeni fəaliyyət planı təqdim edib. Bu plan bərpa olunan enerji layihələri üçün icazə prosesini sürətləndirməyi, enerji tariflərinin formalaşma qaydasını dəyişdirməyi və təmiz sənaye sahələri üçün dövlət dəstəyini artırmağı nəzərdə tutur.
Bərpa olunan enerji və şaxələndirmə
Enerji araşdırmaları aparan "Ember" təşkilatının məlumatına görə, 2024-cü ildə günəş enerjisi Aİ-nin elektrik istehsalında 11 faiz paya sahib olub. Bu, 2023-cü ildəki 9,3 faizdən yüksəkdir və kömürdən əldə edilən enerjini geridə qoyub. Kömürlə işləyən elektrik stansiyalarının payı ilk dəfə 10 faizdən aşağı düşüb.
Eyni zamanda, qazla işləyən elektrik stansiyalarının istehsal etdiyi enerjinin payı 2023-cü ildəki 16,9 faizdən 15,7 faizə enib.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol konfransda etdiyi çıxışda Avropanın enerji təhlükəsizliyi üçün əsas açar sözün "şaxələndirmə" olduğunu vurğulayıb.
Yeni bazarlar və alternativ təchizatçılar
Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa yeni enerji bazarlarına yönəlib və ekspertlər hesab edirlər ki, bu səylər davam edəcək.
Almaniya Sənaye Federasiyasının baş direktor müavini Holger Löş bildirib ki, Avropa artıq Rusiya qazını digər təchizatçılarla əvəz edə bilib və gələcəkdə qaz tədarükünü daha da şaxələndirməyə çalışacaq.
Yanvar ayında ABŞ-nin "Venture Global" şirkətinin Luizianadakı "Plaquemines" LNG ixrac terminalından Avropaya yarım milyon tondan çox mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edilib. Bununla yanaşı, Avropa üçün ABŞ qazından əlavə, Yaxın Şərq, Şimali Afrika və Azərbaycan qazı da alternativ kimi nəzərdən keçirilir.
Konfransda çıxış edən ABŞ-nin "EQT" şirkətinin baş icraçı direktoru Tobi Rays bildirib ki, Avropanın Rusiyadan enerji alışını əvvəlki səviyyəyə qaytarması ehtimalı azdır. "Bu, bizə bir dərs oldu", – o əlavə edib.
Bununla belə, bəzi şirkət rəhbərləri enerji qiymətlərinin aşağı olması halında Avropanın Rusiya qazından tam imtina edəcəyinə əmin deyil.
Rəhim