AZ

"“Zəfər ətirli Novruzum” tədbirləri davam edir, İmişlidə geniş konsert proqramı ilə çıxış edəcəyik"- QHT sədri

Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı, Novruz bayramı münasibəti ilə QHT.az-a açıqlama verib.

QHT sədri Novruzun təbiətin canlanması və xalqımızın adət-ənənələrinin yaşadılması baxımından böyük önəm daşıdığını vurğulayıb. Güllü Eldar Tomarlı, Novruz günlərində keçirilən cıdır yarışlarında qalib atlara bağlanan qırmızı kəlağayılar və axşamlar subay oğlanların sevdikləri qızların evinə gedərək baş ötüyünü asdıqlarını qeyd edib:

"İlaxır çərşənbə axşamı subay oğlanlar örpək, şal, yaxud kəlağayı götürüb sevdikləri qızların evinə gedər, baş ötüyünü damdan, pəncərədən, bacadan evə sallayardılar. Əgər qızın ata-anası razıdırlarsa, həmin örpəyi qızın belinə bağlayardılar. Artıq İctmai Birliyimiz və Kəlağayı Muzeyi Novruz bayramı ilə əlaqədar tədbirlərə başlayıb. 11 mart 2025-cı ildə Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə “Zəfər ətirli Novruzum” adlı konsertimiz, Kəlağayı Muzeyinin yaşı əsrlərə söykənən müasir və qədimi kəlağayılarıın, mərkəzin sakinlərinin və bu yazının müəllifinin əl işlərindən ibarət sərgi oldu. Yeri gəlmişkən qeyd edim ki, 300-dən çox əl işlərim, 200-dən çox kəlağayı və digər eksponatlar geniş, işıqlı yerini, tamaşaçı bolluğunu gözləyir."

QHT sədri həmçinin bildirib ki, Bilgəhdə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində də Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə “Zəfər ətirli Novruzum” adlı konsert keçirildi, Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi:

"Əməkdar Mədəniyyət işçisi, müqənni, aşıq Solmaz Kosayeva, Əməkdar artist Yusif Mustafayev, gənc aşıq Rəvanə Lerikli, gənc müğənni Mehman Abbasov, Xalq yazıçısı Əzizə Cəfərzadə irsinin qorunub saxlanmasında və təbliğində böyük xidməti olan Turan İbrahimov, Prezident təqaüdçüsü, əmək veteranı Tərlan Musayeva, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri Fəxrəddin Mahmudov, Tərxanım Museyibqızı, Lilpar Qəzənfər, Könül İbrahimsoy maraqlı konsert proqramı və poeziya nümunələri ilə iştirakçılarda xoş əhval-ruhiyyə yaratdılar. Turan İbrahimov Əzizə Cəfərzadənin kitablarını, Tərlan Musayeva 70 illik yubileyi münasibəti ilə araşdırmaçı-yazıçı Vaqif Osmanlının yazdığı “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabını Ahıl şəxslər üçün sosial xidmət müəssəsinin direktoru Samirə Mehdiyevaya təqdim etdilər. Novruz Bayramı münasibəti ilə “Zəfər ətirli Novruzum” tədbirləri davam edir. İnşallah, 19 martda İmişlidə Diferensial Təhsil və Tədris Mərkəzində geniş konsert proqramı ilə çıxış edəcəyik".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
54
qht.az

1Mənbələr