AZ

"Bizim yeganə məqsədimiz geri dönmək və sülh içində yaşamaqdır" - Nadimə Rəhimli / VİDEO

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin nümayəndəsi Nadimə Rəhimli BMT-nin İnsan Hüquqları üzrə 58-ci sessiyasında mənzil hüququ ilə bağlı panel müzakirəsində çıxış edib.

QHT.az xəbər verir ki, o, Ermənistandan deportasiya edilən 300.000 azərbaycanlının mənzil hüququnun pozulduğunu bildirib, həmçinin bu şəxslərin Ermənistana qayıdaraq orada sülh şəraitində yaşamaq istəklərini vurğulayaraq, beynəlxalq təşkilatları bu məsələdə dəstək göstərməyə çağırıb:

"Adekvat yaşayış mövzusunda çıxış etmək imkanı verdiyiniz üçün təşəkkür etmək istərdim. Özüm də qaçqın olduğum üçün adekvat yaşayış şəraitinin nə qədər vacib olduğunu çox yaxşı başa düşürəm. Qısaca olaraq, təxminən 30 il əvvəl ailəmin üzləşdiyi vəziyyəti izah edəcəyəm. 1988-ci ildən başlayaraq azərbaycanlıların Ermənistandan son deportasiyasının qurbanı kimi, bu prosesin bütün sahələrdə, o cümlədən yaşayış məsələsində ciddi çətinliklər yaratdığını şəxsi təcrübəmdən bilirəm. Bu dövrdə təxminən 300.000 azərbaycanlı Ermənistandan qaçmağa məcbur olmuş və əsasən Azərbaycanda sığınacaq tapmışdır. Bizim kimi çoxlu köçkünlərə müvəqqəti yaşayış yerləri, o cümlədən çadır düşərgələri, ictimai binalar və yarımçıq tikililər təqdim edildi. Biz saysız-hesabsız çətinliklərlə qarşılaşdıq, lakin bütün bu çətinliklərə baxmayaraq, dövlət bizə dəstək göstərdi, bizi tək qoymadı və daim yanımızda oldu. Krizisə cavab olaraq Azərbaycan ilkin mərhələdə, həm Ermənistandan qovulan qaçqınlar, həm də Qarabağdan məcburi köçkün düşən insanlar üçün yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş proqramlar həyata keçirdi. Yeni yaşayış məntəqələrinin inşası üçün əhəmiyyətli maliyyə vəsaitləri ayrıldı".

Nadimə Rəhimli çıxışını "Bizim yeganə məqsədimiz geri dönmək və sülh içində yaşamaqdır" sözləri ilə yekunlaşdırıb:

"Əlbəttə, sözlərin kifayət etmədiyini başa düşürəm. Beynəlxalq təşkilatları həm mənim, həm də minlərlə digər azərbaycanlının öz doğma yurdlarına qayıtması və orada sülh içində yaşaması üçün bizə dəstək verməyə çağırıram. Çünki bizim yeganə məqsədimiz geri dönmək və sülh içində yaşamaqdır".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
26
qht.az

1Mənbələr