AZ

Rafinya ÇL-də bunu bacaran ilk braziliyalı futbolçu oldu!

UEFA Çempionlar Liqasının 1/8 finalının “Benfika” ilə cavab oyunu “Barselona”nın hücumçusu Rafinya üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, braziliyalı futbolçu “blauqrana”nın 3:1 hesablı qələbəsinə vurduğu dübarə qolla töhfəsini verib.

Bu qol Rafinyanın Çempionlar Liqasının cari mövsümündə vurduğu 11-ci qol olub. Beləliklə, Rafinya UEFA Çempionlar Liasının bir mövsümü ərzində vurulmuş qolların sayına görə braziliyalı futbolçular arasında milli qolçuluq rekordu müəyyənləşdirib. Göründüyü kimi, Rafinyanın öz şəxsi rekordunu daha da yaxşılaşdırmaq imkanı var.

Bu vaxta qədər Avropanın ən mötəbər klub yarışında braziliyalı futbolçular bir mövsüm ərzində 10 qoldan artıq vura bilməmişdilər. Ən yüksək məhsuldarlığı isə hər biri 10 qol vurmuş Rivaldo (1999/2000), Jardel (1999/2000), Kaka (2006/2007), Neymar (2014/2015) və Roberto Firmino (2017/2018) göstərmişdilər.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 41 oyun keçirib, 27 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 128 oyun, 47 qol və 44 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 31 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
14
arena.az

1Mənbələr