AZ

Elektrikli avtomobillərdə yeni dövr: "Anti-Cybertruck" ilə tanış olun!

"Tesla"nın iri "Cybertruck" modelindən daha kiçik ölçülərə böyük funksionallıq qazandıran "Telo MT1" bazarda "Anti-Cybertruck" kimi tanıdılmağa hazırlaşır.

Valyuta.az xəbər verir ki, elektrikli avtomobil (EV) bazarına daxil olan yeni şirkətlər ciddi çətinliklərlə qarşılaşır. "Canoo" və "Lordstown Motors" kimi şirkətlər maliyyə problemlərinə tab gətirə bilmədiyi halda, hətta "Ford" və "Chevrolet" kimi nəhəng istehsalçılar da elektrikli pikap modelləri üçün bazar tapmaqda çətinlik çəkir. Lakin Silikon Vadisində yaradılan "Telo" "həmişə böyük olmaq daha yaxşı deyil" prinsipi ilə bu problemlərə innovativ bir yanaşma gətirməyə çalışır.

"Telo" avtonom idarəetmə mütəxəssisi Ceyson Marks və keçmiş "Tesla" batareya mühəndisi Forrest Nort tərəfindən qurulub. Şirkətin "Küçə və Macəra Avtomobili" (Urban Adventure Vehicle) adlandırdığı kiçik MT1 modeli, ölçüsündən çox praktik həlləri ilə diqqət çəkir. Bu səbəbdən ona "Anti-Cybertruck" ləqəbi verilib.

"Telo MT1": Kiçik ölçüdə böyük funksionallıq

"Telo MT1" ölçüləri "Mini Cooper SE" ilə eyni olmasına baxmayaraq, yükdaşıma qabiliyyəti ilə "Toyota Tacoma" səviyyəsində performans təqdim edir. Beş nəfərlik oturacaq kapasitesinə malik olan bu model, yük bölməsi baxımından "Rivian R1T" modelindən belə genişdir. Şirkət həcmli daxili yanma mühərriklərinə ehtiyac duymadan interyer və yük sahəsini maksimum səviyyədə genişləndirməyi bacarıb.

Bu yenilikçi dizayn bəzi xüsusi xüsusiyyətləri də özündə birləşdirir. Arxa yük bölməsi avtomobilin iç hissəsinə doğru uzanır və qatlanan arxa oturacaqlar sayəsində sərnişin daşıma və yük yerləşdirmə rahatlığı təmin olunur.

Performans və texniki göstəricilər

"Telo MT1" iki mühərrik seçimi ilə təklif ediləcək:

* 300 at gücündə tək mühərrikli versiya
* 500 at gücündə iki mühərrikli versiya

İki mühərrikli model 106 kVt/s gücündə böyük bir batareya ilə təchiz olunacaq. Şirkətin verdiyi məlumata görə, bu elektrikli pikap:

* 725 kq-a qədər yük daşıya,
* 3.000 kq-a qədər qoşqu çəkə,
* Təxminən 570 km məsafə qət edə bilər.

Bundan əlavə, 20 dəqiqə ərzində batareyanın 20%-dən 80%-ə qədər şarj olunması planlaşdırılır.

Bu texniki göstəricilər avtomobilin kiçik ölçüsünə baxmayaraq sinfində ciddi rəqib olacağını göstərir.

Qiymət və satış detalları

"Telo MT1"in başlanğıc qiyməti tək mühərrikli model üçün 41.520 dollar, iki mühərrikli və dörd təkərdən çəkiş sisteminə sahib versiya üçün isə 49.019 dollar olaraq müəyyən edilib.

Bu qiymətlərə standart batareya daxildir, lakin müştərilər 3.980 dollar əlavə ödənişlə "Uzun Mənzilli Batareya" seçimini edə bilərlər. "Model 8" fərqli rəng seçimi ilə təklif ediləcək və 152 dollar depozit ödəməklə əvvəlcədən sifariş vermək mümkündür.

Bu yeni model, kompakt ölçüsü və yüksək performansı ilə elektrikli pikap bazarında fərqli bir mövqe tutmağa iddialıdır.

Paşa Məmmədli

Seçilən
15
valyuta.az

1Mənbələr