Azərbaycanda boşanmaların təşəbbüskarlarının 70 faizi qadınlardır.
Ölkə.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.
O bildirib ki, qadınlar boşanmalara səbəb kimi məişət zorakılığı faktları, xarakterin uyğun olmadığını səbəb göstərirlər.
Qurum rəsmisi həmçinin söyləyib ki, son illər talassemiya ilə doğulan uşaqların sayında artım var:
"Talassemiya ilə doğulan uşaqların sayında 86 faiz artım var. Bu da qohum evliliyi ilə bağlıdır. 3 və daha çox uşağı olan ailələrin sayı azalır. Ailənin çoxuşaqlı statusu alması üçün 5 və 5-dən çox övladı olmalıdır. Gələcəkdə çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericilikdə bu meyarları gözdən keçirməliyik. Cins nisbətində də ciddi probem var. Abortların sayı da durmadan artır. Alimetlərin ödənməsi ilə bağlı problemlər mövcuddur. Qanunvericiliyi nə qədər sərtləşdirsək də, aliment fondunun yaradılması vacibdir".