AZ

Prezident İƏT-in Baş katibini qəbul etdi


Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Dövlət başçısı bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini deyərək, Əsəd Məcid Xanın ölkəmizə səfərinin zirvə toplantısına hazırlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edib. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, ölkəmiz təşkilat çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və gündəlikdə duran məsələlərin irəli aparılmasına öz töhfəsini verməyə hazırdır.

Əsəd Məcid Xan da öz növbəsində Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu dedi və ölkəmizin təşkilatın alt strukturlarına ev sahibliyi etməsini, gündəlikdə duran məsələlərin həyata keçirilməsi işinə daim dəstək verməsini məmnunluqla vurğulayıb. Qonaq təşkilata üzv dövlətlərin tarixi, mədəni və coğrafi yaxınlığı, din və digər sahələrdə ortaq dəyərləri, bənzərlikləri bölüşdüyünü deyərək, təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların və perspektivlərin olduğunu qeyd edib.

Baş katib Əsəd Məcid Xan ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübəyə malik olduğunu, xüsusilə COP29-u uğurla keçirdiyini vurğuladı və İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin də Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirdi.

Qonaq səfər çərçivəsində XII Qlobal Bakı Forumunda iştirak edəcəyini məmnunluqla vurğuladı və bu forumun dünya miqyasında qlobal məsələlərin müzakirəsi baxımından vacib platformalardan biri olduğunu qeyd etdi.

Söhbət zamanı Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 


Seçilən
63
22
nuh.az

10Mənbələr