AZ

Şimali Makedoniya Prezidenti Xalça Muzeyi ilə tanış olub – FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Əminə Məlikova ali qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın 7 regionunun – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Ali qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib və xalçatoxuma təcrübəsində iştirak edib.

Sonra Şimali Makedoniya Prezidentinə Azərbaycanın qədim kəlağayı sənəti haqqında məlumat verilib. Qordana Silyanovska-Davkova kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Daha sonra Şimali Makedoniya Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda ali qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə edilib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu Şimali Makedoniya Prezidentində xoş təəssürat yaradıb.

DOĞRU.AZ

image-17417886394855945748_1200x630 image-17417886391194451127_1200x630 image-1741788639384679910_1200x630 image-17417886396226936513_1200x630 image-17417886406370737067_1200x630 image-17417886401203825068_1200x630 image-17417886406130818695_1200x630 image-1741788640490022964_1200x630 image-1741788640574340975_1200x630 image-1741788640525764105_1200x630 image-17417886403028065175_1200x630 image-17417886404086911643_1200x630 image-17417886404256338637_1200x630 image-17417886404260536597_1200x630 image-17417886405333925968_1200x630

Seçilən
68
13
dogru.az

10Mənbələr