AZ

Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verəcək ŞƏRH

Bakı, 12 mart, AZƏRTAC

Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcək. Hazırda ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlıq edir. Enerji sahəsində əməkdaşlıq münasibətlərimizdə önəmli yer tutur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.

O bildirib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa ölkəsidir. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz edib. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb”.

Deputatın sözlərinə görə, ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Azərbaycan qazı artıq keçən ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılıb.

“Hesab edirəm ki, Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verəcək”, - deyə komitə sədrinin müavini vurğulayıb.

Seçilən
1
azertag.az

1Mənbələr