Avropa Birliyi ABŞ-nin əlavə vergilər tətbiq etməsinə cavab verəcək. Metbuat.az xəbər verir ki, Avropa Birliyi Komissiyasının sədri Ursula von der Leyen belə açıqlama verib. O bildirib ki, qurum ABŞ-nin polad və alüminium məhsullarına əlavə vergi tətbiq etməsinə uyğun səviyyədə qarşılıq verəcək. AB-ABŞ ticarət əlaqələrinin dünyada ən böyük iqtisadi əlaqələr olduğunu xatırladan fon der Leyen, bunun milyonlarla insana məşğulluq, firavanlıq və təhlükəsizlik təmin etdiyini bildirib. O, vergilərin iş yerlərini təhlükə altına saldığını, qiymətləri artıracağını və hər iki tərəfə zərər verəcəyini vurğulayıb. Von der Leyen, “Avropa İttifaqı istehlakçıları və biznesləri qorumaq üçün hərəkətə keçməlidir. Tədbirlər güclü və mütənasibdir. ABŞ 28 milyard dollar dəyərində tariflər tətbiq edərkən, biz 26 milyard avro dəyərində əks tədbirlər görürük. Bu, ABŞ-nin tariflərinin iqtisadi əhatə dairəsinə uyğundur", - deyə bildirib.