Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızının 2017-ci ildə Sumqayıt şəhərində yaratdığı və eyni zamanda sədri olduğu “Çeşmə” Ədəbi Məclisi məlum Pandemiya səbəbindən 2019-cu ildə öz fəaliyyətini dayandırmağa məcbur oldu. Nəhayət ki, uzun sürən hicrana son qoyuldu və məclis yenidən öz fəaliyyətini bərpa etdi.
Bakıda yerləşən “Şahənşah” restoranında fəaliyyətə başlayan məclis "Bəzmigah" Ədəbi Təşkilatı ilə birlikdə ilk görüşünü keçirdi. Məclisə fəxri qonaq qismində dəvət olunan ustad qəzəlxanların - iki Divan müəllifi Gülarə Munis və Xəzər Yazıçılar Birliyinin üzvü Əşrəf Pirşağılının iştirakı məclisdə iştirak edən 14 nəfərdən ibarət digər şairlərin sevincinə səbəb oldu. Çıxış üçün ilk söz məclisin sədri Lilpar Cəmşidqızı tərəfindən şairə Gülarə Munisə verildi. Məclisin öz fəaliyyətini bərpa etməsi münasibətiylə təbriklərini bildirən şairə xanım Gülarə Munis, sonra öz qəzəllərindən bir neçəsini iştirakçılara təqdim etdi. Qəzəlxan Əşrəf Pirşağılının da təbriklərini qəbul edən məclis iştirakçıları sonda ustadın böyük şövqlə söylədiyi qəzəlləri də maraqla dinlədilər və alqışlarla qarşıladılar. Sonra söz məclisdə iştirak edən digər şairlərə verildi. Şairlərdən Rüstəm Hacıyev, Elşad Xaqan Davudoğlu, Əliyar Mərdiyev, Mehdi Ağa, Azər Vahid, Ələkbər Qürub, Murad Mahir, Fuad Əziz, Xəzər Yazıçılar Birliyinin üzvü Araz Əfəndi və Əlhəm Dəşti ardıcıl olaraq öz qəzəllərini söylədilər. Sonra Sumqayıtdan olan şair Səadət Salmanqızı öz şeirlərini məclis iştirakçılarına təqdim etdi. Daha sonra “Çeşmə”Ədəbi Məclisinin sədri şair-qəzəlxan Lilpar Cəmşidqızının söylədiyi bir neçə qəzəli məclis iştirakçıları məmnuniyyətlə dinlədilər. Alqışlarla qarşıladılar. Görüşdə iştirak edən şairlər məclisin fəaliyəti üçün çox yaxşı şərait yaratdığına görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova təşəkkürlərini ünvanladılar. Maraqla keçən gözəl şeir məclisi sona çatdıqdan sonra yenidən ayda bir dəfə görüşmək ümidi ilə ayrıldılar.
Bəli. Bu gün belə şeir, qəzəl, nəsr əsərləri məclisləri millətimiz üçün çox lazımdır. Birinci ona görə ki, cavan yazarlar ustadlardan dərs alırlar. Onlardan eşitdikləri mükəmməl fikirləri, şeirin, qəzəlin, nəsr əsərlərinin sirlərini dərindən öyrənirlər. İkinci özlərinə çox böyük cavabdehlik artır, çoxlu bədii əsərlər oxuyur və zəif yazılarını redaksiyalara göndərməkdən çəkinirlər. Üçüncü də özlərinə həmfikirlər tapıb, öz aralarında məsləhətləşir, fikir mübadiləsi aparırlar.
Yadımıza salaq keçən əsrin 30-80-ci illərini. Həmin vaxtı belə ədəbiyyat dərnəkləri çox idi və məhz buna görə də o dövrdə çoxlu maraqlı şairlər, yazıçılar, qəzəlxanlar yetişdi. Belə dərnəklərə xalqımızın sevimli şairləri, Xalq şairləri Səməd Vurğun, Seleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, böyük ustad qəzəlxan Əliağa Vahid, Xalq yazıçıları Mehdi Hüseyn, İsmayıl Şıxlı, İmran Qasımov və başqa sənətkarlarımız rəhbərlik edirdilər. Keçən əsrin ikinci yarısından başlayaraq, müstəqillik illərimizə qədər çoxlu yazarlar yetişdi. Hansılar ki, Azərbaycan ədəbiyyatını dünyada tanıtdılar.
Bu müqəddəs işi bu gün də davam etdirən yazarlarımız var. Onlardan birincilərdən biri olan Lilpar Cəmşidqızına yalnız təşəkkür etməliyik. Zaman gələcək bu yeni yazarların içərisində Azərbaycan ədəbiyyatını dünyada tanıdan insanlar yetişəcək. Biz, buna əminik. Çünki həyat gör-götür dünyasıdır.
Mən Türkiyədə jurnalistika üzrə ali təhsil alıb, Vətənə dönmüşəm. Bu gün Türkiyədə həm jurnalistika, həm ədəbiyyat və həm də incəsənət sahələrində belə dərnəklər çoxdur. Məhz buna görə də Türk ədəbiyyatı, jurnalistikası, incəsənəti sürətlə inkişafa doğru gedir. Və özlərinin ən maraqlı işlərini dünya səviyyəsinə çıxarırlar. Və dünya xalqları arasında bütün bu sahələrdə böyük nüfuz qazanırlar. Elə təkcə türk kino filmləri, serialları bu gün bizim millətin də sevə-sevə baxdığı incəsənət nümunələridir.
Fərhad DOST