AZ

Harri Keyn Çempionlar Liqasında yeni rekordlara imza atdı

UEFA Çempionlar Liqasının 1/8 finalının “Bayer”lə cavab oyunu “Bayern”in ingilis hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Keyn Almaniya nəhənginin 2:0 hesablı qələbəsinə qol və məhsuldar ötürmə ilə töhfəsini verib.

Bu qol Keynin Çempionlar Liqasının cari mövsümündə vurduğu 10-cu qol olub. Beləliklə, Keyn Çempionlar Liasının bir mövsümü ərzində vurulmuş qolların sayına görə ingilis futbolçular arasında milli qolçuluq rekordu müəyyənləşdirib. O, müvafiq rekorda imza atmış ilk ingilis futbolçu olub.

Əlavə edək ki, Keyn bu oyunda daha bir rekordu da təkrarlayıb. Belə ki, o, Çempionlar Liqasında qollar (39 qol) və məhsuldar ötürmələrin (11 məhsuldar ötürmə) cəmi üzrə 50 xal toplayraq, bu göstəriciyə imza atmış ikinci ingilis futbolçu olub. İndi Keyn, ümumilikdə 52 səmərəli fəaliyyətə imza atmış “Mançester Yunayted” və “Real”ın keçmiş ingilis yarımmüdafiəçisi Devid Bekhemdən cüzi fərqlə geridədir.

Göründüyü kimi, Keynin hər iki rekordu daha da yaxşılaşdırmaq imkanı var.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 36 oyuna çıxıb, 32 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 81 oyun, 76 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.

Seçilən
4
1
arena.az

10Mənbələr