Dünya çempionu Ronaldo Luis Nazario de Lima Braziliya Futbol Federasiyasının (BFF) prezidenti postuna namizədliyini geri götürüb.
Offsideplus.az xəbər verir ki, bu barədə keçmiş hücumçu özü yazıb.
Hazırda İspaniyanın "Valyadolid" klubuna rəhbərlik edən "Fenomen" ləqəbli futbol adamı bildirib ki, buna səbəb BFF-in hazırkı prezidenti Ednaldo Rodriqesin daha böyük təsir qüvvəsinə malik olmasıdır.
"Mənim prezident qismində ilk işim klublara idmanın və yarışların inkişafı üçün öz ştatlarında daha çox səlahiyyət vermək olardı. Ancaq elə ilk cəhdlər zamanı federasiyanın 27 filialından 23-ü qapıları üzümə bağladı. Mən öz layihəmi təqdim edə, ideyalarımı çatdıra və onları dinləyə bilmədim. Dialoq üçün imkan yox idi. Əksər regional federasiyaların rəhbərləri indiki prezidenti dəstəkləyir. Bu, onların hüququdur, buna hörmətlə yanaşıram", - deyə Ronaldo bildirib.
Qeyd edək ki, vaxtilə "Barselona" "Real" (Madrid), "İnter" kimi klublarda xarüqələr yaratmış futbolçu 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu titulunu qazanıb. Ronaldo 2026-cı ildə BFF-yə keçiriləcək prezident seçkilərinə qatılaraq, ölkə futbolunda islahatlar həyata keçirməyi planlaşdırırdı.