AZ

Lamin Yamal Çempionlar Liqasında 2 yeni rekorda imza atdı

“Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Arena.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, vinger buna “Benfika”ya qalib gəldikləri 1/8 final mərhələsinin cavab oyununda nail olub.

İspaniya millisinin üzvü qitənin bir nömrəli klub turnirində bir matçda həm qol vuran, həm də məhsuldar ötürmə ilə yadda qalan ən gənc oyunçudur. Yamal bunu 17 yaş, 241-ci günündə bacarıb. O, 2014-cü ildə qol və assist müəllifi olmuş “Bazel”in sabiq futbolçusu Brel Embolonu (17 yaş, 263 gün) geridə qoyub.

Yamal həm də bu turnirin tarixində 5 məhsuldar ötürmə edən ən gənc oyunçu olub.

Yamal karyerası ərzində Çempionlar Liqasında 19 matçda iştirak edib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Əvvəlki rekord isə ingiltərəli hücumçu Teo Uolkota məxsus olub. O, eyni göstəriciyə 19 yaşında imza atmışdı.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 12 qol və 17 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 88 oyun, 19 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
2
arena.az

1Mənbələr