Cənubi Danimarka Universitetindən biostatistik Signe Bedsted Clemmensen və onun komandası əkizlər üzərində döymənin dəri xərçəngi riskini artırıb artırmadığını müəyyən etmək üçün iki ayrı araşdırma aparıb.
Editor.az xəbər verir ki, 2367 əkiz üzərində aparılan kohort araşdırmasına görə, döymələri olan fərdlərin dəri xərçənginə tutulma riski, döymələri olmayanlara nisbətən təxminən dörd dəfə yüksəkdir. 316 əkiz cütü müqayisə edən daha əhatəli bir araşdırmada döymələri olan fərdlərin xərçəngə tutulma riskinin 33-62 faiz artdığı müəyyən edilib.
Tədqiqatçılar bu vəziyyətin mümkün səbəblərini araşdırıblar. Döymə mürəkkəbinin tərkibində olan kimyəvi maddələrin zamanla bədəndə yığılaraq immunitet sisteminə təsir göstərə biləcəyi və bunun xərçəngin yaranmasında rol oynaya biləcəyi ifadə edilib. Alimlər müəyyən ediblər ki, mürəkkəb hissəcikləri xüsusi olaraq limfa düyünlərində toplanır. Bu vəziyyətin immunitet sisteminin döymədəki maddələrə davamlı reaksiya göstərməsinə səbəb olacağı vurğulanıb.
Qeyd edək ki, Cənubi Danimarka Universitetində aparılan tədqiqata oxşar araşdırma keçən il İsveçdə aparılıb. Tədqiqatçılar, döymə mürəkkəbinin lenfoma riskini artırıb-artmadığını qiymətləndirmək üçün İsveç milli sağlamlıq məlumatlarından istifadə ediblər.
Bu çərçivədə 2007-2017-ci illər arasında lenfoma diaqnozu qoyulan 2938 xəstə müayinə olunub. Onlardan 1398-i sorğulara cavab verib. Müqayisə üçün yaradılmış nəzarət qrupuna 4193 nəfər daxildir.
Tədqiqatçılar müəyyən ediblər ki, döymələri olan şəxslərdə limfoma inkişaf riski 21 faiz yüksəkdir. Araşdırmanın aparıcı tədqiqatçısı Dr. Christel Nielsen, döymə mürəkkəbinin limfa düyünlərinə daşındığını və orada toplandığını bildirib. Bədənin mürəkkəbi yad bir maddə kimi qəbul etdiyi, immunitet sisteminin davamlı reaksiya verdiyi və bunun uzun müddətdə xərçəngə səbəb ola biləcəyi qeeyd olunub.
Tədqiqatçılar hesab edirlər ki, döymənin ölçüsündən asılı olmayaraq, bədən xərçənglə əlaqəli ola biləcək aşağı dərəcəli iltihab yaşayır. Bununla belə, mexanizmin tam olaraq necə işlədiyinə dair daha çox araşdırmaya ehtiyac olduğu bildirilir.
//Samir Qurbanov, Editor.az