AZ

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Mərkəzi

Mərkəzi Bankın (MB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. MB-nin martın 12-nə olan son açıqlamasına görə, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.

2025-ci ilin yanvar ayında 12 aylıq inflyasiya 5.4% olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5%, qeyri-ərzaq malları üzrə 2.6%, xidmətlər üzrə 8.4% təşkil edib. İllik baza inflyasiya isə 4.3% olub. Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8.5% təşkil edib. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10.7% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9%-lik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk 2 ayında 1.5% ucuzlaşıb.

Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar balansının profisiti 4.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar ayında xarici ticarət balansında 1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40.5% çoxdur. Son qiymətləndirmələrə görə 2025-ci ilin yekunu üzrə cari hesab proqnozunda 2024-cü illə və daha öncəki proqnozla müqayisədə yaxşılaşma ehtimalı var.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Qısamüddətli pul bazarında orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. Qeyd edək ki, ötən ilin sonunda hökumət hesabları qalıqlarının azalması bank sistemindəki likvidliyə artırıcı təsir edib. Bunun nəticəsi olaraq cari ilin əvvəlində banklararası pul bazarında faizlər pik (2024-cü ilin dekabrında 1D AZIR 7.68%) səviyyə ilə müqayisədə azalıb. Belə ki, yanvar və fevral aylarında orta günlük 1D AZIR ötən ilin dekabr ayı ilə müqayisədə 0.6 faiz bəndi və 0.2 faiz bəndi az olub. Cari ildə pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri də davam etdirilir. 2025-ci ilin fevral ayında daimi imkan və açıq bazar əməliyyatlarının aparılması şərtlərində dəyişikliklər edilib. Belə ki, bir günlük daimi imkan depozit və əks-repo əməliyyatların müddəti 24 saatdan 1 gecəliyə keçirilib. Eyni zamanda not hərraclarında minimum iştirakçı sayına qoyulan tələb aradan qaldırılıb.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim izlənilir.

Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcəkdir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il aprel ayının 23-də ictimaiyyətə açıqlanacaq.

Bunlarla yanaşı, Azərbaycanda manatla verilən kreditlərin bahalaşması, yəni ktredit faizlərində artım müşahidə olunur. Belə ki, 2025-ci ilin yanvar ayında Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 17.75% təşkil edib. Mərkəzi Bankın məlumatlarına görə, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcələri əvvəlki ayla müqayisədə 1.19 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 1.75 faiz bəndi artıb.

Qeyd edək ki, 2025-ci il fevral ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 27 milyard 514.7 milyon manata bərabər olub. Kredit portfelinin 14 milyard 709.9 milyon manatı biznes kreditləri, 8 milyard 551.7 milyon manatı istehlak kreditləri, 4 milyard 253.1 milyon manatı isə ipoteka kreditləri təşkil edib.

Ölkədə ktredit faizlərinin artması fonunda ona təsir göstərə biləcək əsas amillərdən biri kimi Mərkəzi Bank uçot dərəcəsini azalda da bilərdi. Lakin MB yuxarıda qeyd olunan amilləri nəzərə alaraq hələlik uçot dərəcəsini dəyişmək fikrində deyil. Bu isə kreditlərin ucuzlaşmayacağından xəbər verir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının təmin edilməsi üçün onların aşağı faizli, daha ucuz maliyyə resurslarına çıxışı mühüm əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, sahibkarların kreditlərə, investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməlidir. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Bu baxımdan sahibkarlara əlverişli maliyyə-kredit resursları lazımdır.

İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan yüzlərlə müraciət daxil olub.

Aydın məsələdir ki, davamlı iqtisadi artıma nail olmaq üçün investisiya qoyuluşları mühüm amildir. Azəzrbaycanda daxili investisiyalar yüksək paya malikdir ki, bu da işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük həcmdə dövlət investisiyalarının yatırılması ilə əlaqədardır. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 19 milyard manat vəsait xərclənib. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını təşviq edir. Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi artımın əsası kimi baxılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, “iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır”.

Mahir Həmzəoğlu

Seçilən
20
15
xalqcebhesi.az

10Mənbələr