AZ

“Bir nömrəli düşmən”in dostluğu və özgə çətirinin etibarsızlığı...

Minskdə - SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Kursunda oxuyarkən müəllimlərin ilk mühazirələrində “ABŞ SSRİ-nin bir nömrəli düşmənidir” xətti mütləq olaraq diqqətə çatdırılırdı. SSRİ dağılandan sonra da “bir nömrəli” xəttdə dəyişiklik olmadı, əksinə sərtləşdi. Bu yaxınlarda - 27 fevralda Rusiya prezidenti Vladimir Putin FSB -nin kollegiya iclasında çıxışı zamanı da etiraf etdi ki, uzun illər Rusiya ABŞ-ni düşməni hesab edib, amma...” ..,baxın, hamımız görürük ki, dünya necə sürətlə dəyişir, dünyada vəziyyət necə dəyişir. Bu baxımdan qeyd etmək istərdim ki, Amerikanın yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur. Bizim hazırkı tərəfdaşlarımızın(?!) bir çox stereotiplərdən əl çəkməsi vacibdir, biz Qərb ictimaiyyətinin özünün daxildən necə dağılmağa başladığını görürük”-deyə,  prezident xüsusi xidmət əməkdaşlarını da yeni situasiyaya inandırmağa çalışıb. 
 
Yüz ildən çox davam edən siyasətdə necə oldu ki, birdən-birə dəyişiklik oldu və bu “çevrilişin” memarı kimdir? Əgər kimsə fikirləşirsə ki, Putindir.., yanılır. Memar ABŞ prezidenti Donald Trampdır və bu “U” dönüşünü Putin “tərəfdaş” amerikalıların “stereotiplərdən əl çəkməsi” ilə əlaqələndirərək bir növ “qələbə” kimi təqdim etdi. Əlbəttə, keçmiş xüsusi xidmət əməkdaşı Vladimir Putin “zəhmətkeş” kütlənin qarşısında deyil, kolleqalarının qarşısında çıxışının fərqindədir və onu dinləyənlərin real informasiyaya malik olduqlarını bildiyindən dərinə getmədi. Vaxtilə, Ukrayna müharibəsinə başlamazdan iki gün əvvəl Təhlükəsizlik şurasının iclasında, çox kiçik olsa da yalnız Narışkinin etirazının da real informasiyalara əsaslandığını bildiyindən sözünü yarımçıq kəsmişdi. Yəni, Rusiyanın ABŞ ilə Putinin dediyi kimi “tərəfdaş” olacağı mümkün deyil.
 
Əslində, indiki yaxınlıq situativ xarakter daşıyır. Bu situativliyin hətta Tramp hakimiyyətinin son gününədək davam edəcəyi sual altındadır. İkinci Dünya müharibəsində ABŞ və Böyük Britaniyanın SSRİ ilə müttəfiqliyinə necə müharibə bitəndə son verildiyi kimi, Ukrayna problemi də sülh mərhələsinə çatanda Rusiya imperiyası ABŞ-ni yenə “bir nömrəli düşmən”olaraq görəcək. 
 
Bu süni “tərəfdaşlığa” hətta Ukrayna ilə böyük sülh müqaviləsi imzalamadan əvvəl  də son verilə bilər. Rusiya 30 günlük atəşkəsə razı olmasa və ya daha çox güzəştləri bəri başdan tələb etsə, proqnozlaşdırılmayan Tramp o biri üzünü də göstərə bilər, yəni Ukraynaya hərbi, siyasi, iqtisadi yardımlarını artıra, Rusiyaya qarşı isə ağır sanksiya paketləri tətbiq edə bilər. 
 
Tutaq ki, proseslər Putinin istədiyi kimi davam etdi, arzuladığı “miqyaslı qələbə”ni Trampın dəstəyilə qazandı. O zaman Rusiya ABŞ ilə dost və yaxud Putinin dediyi kimi “tərəfdaş” olacaqmı? Əsla. Rusiya çox uzaq zamanı gözləmədən, bəlkə də sayılı günlərdən sonra ABŞ-ni yenə “bir nömrəli düşmən” olaraq görəcək. Bu, həm Rusiyanın mahiyyətindən yaranacaq, həm də ABŞ Tramp “dəyərlərinə”, daha doğrusu dəyərsizliyinə çox da dözəsi deyil.   
   
Bəzi insanlar intriqasız yaşaya bilmədikləri kimi, Rusiya da düşmənsiz yaşaya bilmir. Rusiya imperiyası onsuz da az qala bütün dünyanı özünə düşmən bilir. Onun dostları Şimali Koreya, İran, Çin, uzaqbaşı Belarus ola bilər. Kim Çın Inın ölkəsi istisna olmaqla İran, Çin, Belarusun da ondan nə vaxtsa üz döndərəcəyi ehtimal olunandır. 
 
Baş verənlər dünyaya, əsasən də Avropaya bir dərs oldu. Nəhayət, təhlükəsizlik məsələlərinin öz işi olduğu, kiməsə etibar etməyəcəyi Avropa İttifaqı üçün tam aydın oldu. Üstəlik, Avstraliya, Kanada, Yeni Zelandiya, perspektivdə Yaponiya və Cənubi Koreyanın da vahid təhlükəsizlik alyansında birləşməsi artıq zərurət halına gəlir.
 
Yəni, özgə çətiri etibarsız çıxdı.
 
İlham İsmayıl
Seçilən
2
moderator.az

1Mənbələr