AZ

Rusiya atəşkəsi qəbul etməsə, Ukrayna nə edəcək?-Zelenski danışdı

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşünü dəyərləndirib. Editor.az-ın məlumatına görə, Zelenski bildirib ki, Rusiya onun “30 günlük dərhal atəşkəs” təklifini qəbul etməsə, ABŞ-dan Rusiyaya qarşı “güclü addımlar” gözləyəcək. Ciddə görüşünün əhəmiyyətinə diqqət çəkən Zelenski qeyd edib ki, bu danışıqlar ABŞ-ın ölkəsinə yardımının bərpası və müharibənin sona çatması istiqamətində ilk addımdır.

“Düşünürəm ki, Səudiyyə Ərəbistanında keçirilən görüş Rusiyanın Ukrayna ilə ABŞ arasında münasibətləri tamamilə gərginləşdirmək planlarını pozdu”, – deyə Zelenski bildirib.

ABŞ və Avropanın bu müharibəni bitirməyə hazır olması lazım olduğunu deyən Zelenski, “Mən bunu dəfələrlə vurğulamışam. Heç birimiz (Ukraynada) ruslara güvənmirik, bunu yaşadıq. Mən çox ciddiyəm və mənim üçün müharibənin bitməsi vacibdir. Bu gün hər şey Rusiyanın atəşkəs və “sükut” istəməsindən asılıdır” deyib.

Zelenski deyib ki, mümkün müvəqqəti atəşkəs əldə edildikdən sonra müharibəni bitirmək üçün hərtərəfli plan hazırlamaq mümkün olacaq.

Zelenski vurğulayıb ki, “Ukrayna tərəfi üçün təhlükəsizlik təminatlarını ehtiva edən addım-addım plan” vacibdir və beləliklə, onlar müharibənin sona çatması istiqamətində işləməyə davam edəcəklər.

Ukraynanın ərazi bütövlüyü və suverenliyinin onlar üçün “qırmızı xətt” olduğunu və bunun üçün mübarizə apardıqlarını vurğulayan Zelenski, Rusiyanın öz ölkələrində işğal etdiyi bölgələri “Rusiya ərazisi” kimi qəbul etməyəcəklərini vurğulayıb.

Ölkəsində müharibə davam etdiyi üçün prezident seçkilərinin keçirilmədiyini xatırladan Zelenski, “Müharibə bitdikdən sonra hərbi vəziyyət ləğv ediləcək, daha sonra Ukrayna qanunlarına görə seçkilər keçiriləcək. Heç kim bilərəkdən heç nəyi təxirə salmayacaq” deyə, Zelenski qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr