AZ

Rusiya Ermənistanı bağışlayacaqmı?

Nankorlar üçün rekviyem əvəzi

Ermənistan Rusiya ilə yaxınlaşmaq niyyətindədir. Bunu ölkənin bir sıra dairələri yazmaqdan və dilə gətirməkdən çəkinmirlər. Onlar əsasən iki məqamın – birincisi, AZAL-ın təyyarəsi ilə bağlı insidentə görə Rusiya–Azərbaycan münasibətlərinin müəyyən qədər soyuması, ikincisi isə ABŞ Prezidenti Donald Trampın kollektiv Qərbin anti-Rusiya siyasətinə düzəliş etmək əzmi üzərində dayanırlar.

Birinci halda rəsmi İrəvan çalışır ki, Bakı ilə Moskva arasındakı soyuqluğu öz xeyrinə çevirsin, avantürizm üçün, belə demək mümkünsə, Şimaldan kömək qazansın. Baş nazir Nikol Paşinyan və tərəfdarları Rusiyada, belə demək mümkünsə, erməni sevdasının hələ səngimədiyinə siyasi sərmayə yatırmaq niyyətindədirlər. İkinci məqam da ciddidir və ona nəzərən Ermənistanın Qərbyönümlü xəttinin yenidən Kremlə doğru dəyişəcəyi önə çəkilir.

Nəzərə alaq ki, indiyədək rasional davranmağa üstünlük verən Rusiya həmişə Ermənistan rəhbərliyinin çıxardığı oyunlara dözüb. İstəməyib ki, durumu daha da gərginləşdirsin. O da məlumdur ki, Paşinyan administrasiyası əlinə düşən hər fürsətdəcə Rusiyanı “sancıb”, Cənubi Qafqazda anti-Rusiya cəbhəsinin formalaşmasına çalışıb. Məsələn, Avropa İttifaqının Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki müşahidə missiyasını götürək. Bu təsisat Moskvanın iradəsinə zidd şəkildə formalaşdırıldı. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov müşahidəçiləri “bölgədə əlavə qıcıqlandırıcılar” adlandırdı. Ancaq məsələ yalnız bu deyil.

Ümumən, Ermənistan hakimiyyəti son yeddi ildə Rusiyaya Qarabağ itkisindən tutmuş, onu devirmək planlarınadək qapalı və ya açıq formada ən müxtəlif ittihamlar yağdırmaqdan çəkinmədi. Üstəlik, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulma məsələsi var. Roma Statutunun ratifikasiyası o demək idi ki, sözügedən məhkəmənin Rusiya məmurları, o cümlədən Prezident Vladimir Putin barədə çıxardığı həbs qərarı Ermənistanda icra oluna bilər. Başqa sözlə desək, Putin İrəvana daxil olacağı təqdirdə həbslə üzləşməlidir. Rus hərbçilərinin paytaxtın Zvarnots hava limanından, İranla sərhəd xəttindən çıxarılması məsələsi isə ayrıca vurğulanmalıdır.

Hələ Gümrüdəki rus hərbi bazasının tamamilə ləğvi də nəzərdə tutulmuşdu. Ermənistan indi bu məsələ üzərinə gəlmir. Bir sözlə, rəsmi İrəvan ötən müddətdə nəinki Rusiya dövlətinə, o cümlədən, rus ictimaiyyətinə nankorluğun anatomiyasını ən dolğun çalarlarla, ən rəngarəng boyalarla anlatdı. Tam əminlikdə söyləmək mümkündür ki, ümumən, son iki yüz ildə Rusiya erməni varlığından özünə qarşı belə nalayiq münasibəti heç zaman görməmişdi. Hesab edirik ki, Kremlin düşüncə mərkəzləri bunun fərqindədirlər...

Haşiyə çıxaq ki, ötən müddətdə məhz Azərbaycan Cənubi Qafqazda Ermənistanın əli ilə oynanılan bütün məkrli planları pozdu. Həmin planların anti-Rusiya məntiqinin mövcudluğunu nəzərə alsaq, Bakının dirənişi, eyni zamanda, Moskvanın regional maraq və mənafelərinin qorunması idi. Əlbəttə, bildirdiyimiz minnət kimi qəbul edilməməlidir. Çünki ölkəmiz hər zaman özünün balanslı kursuna, bərabərtərəfli mehriban qonşuluq siyasətinə sadiqdir. Bəli, məhz bərabərtərəfli. Bu yanaşmada üstünlüyə sahib olan yoxdur, qarşılıqlı maraq doğuran məsələlərə müştərək yanaşma və böyük anlamda Rusiyanın Cənubi Qafqaza bağlılığının qəbul edilməsi amili var. Eləcə də Türkiyənin və İranın.

Ona görə rəsmi Bakı Moskva üçün ən çətin məqamda “3+3” regional məşvərət formatını irəli sürdü. Bu format Qərbin regionda aktivləşmək cəhdlərinə qarşı siyasi sipər funksiyası oldu. Bütün bunların müqabilində təyyarə olayını və mövcud xüsusda Rusiyanın bəzi hakim dairələrinin, habelə aparıcı media orqanlarının, yumşaq desək, tirajladıqları yanlışlıqları gördük.

Lakin, mövzumuz Rusiya–Ermənistan münasibətləri barədədir və güman edirik, çıxdığımız haşiyə ətrafında da Kremldə düşünənlər tapılacaq. Bəlkə tapılır da. Moskvada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılacağına dair xəbəri, eləcə də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Rusiyanın “Drujba” ordeni ilə təltif edilməsini pozitiv jestlər kimi qiymətləndirə bilərik. Ümid edək ki, müsbət ab-hava AZAL-ın təyyarəsi ilə bağlı zəruri addımların atılmasına, obyektivliyin, haqq və ədalətin qorunmasına gətirib çıxaracaq.

Bəli, Rusiya Azərbaycan Milli Məclisinin sədrini təltif edir, ancaq Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfəri təxirə salınır. Baxmayaraq ki, Ermənistan parlamenti “Avrorefendum” layihəsinin müzakirəsini dayandırıb. Doğrudur, bu dayandırmada iki aylıq müddət var. Ancaq bir çox siyasi ekspertlər bildirirlər ki, Paşinyan dünyanın anti-Rusiya dirənişinin zəiflədiyini gördüyündən, Avropa İttifaqına qoşulmaqla bağlı qanun layihəsini gündəmdən salıb. Ancaq, məşhur filmdəki kimi desək, Moskva göz yaşlarına inanmır. Daha doğrusu, Nikola inanmaq üçün onu sınamaq istəyir. Erməni mediasının yazdığı da elə budur.

Qeyd edək ki, N.Paşinyan Ermənistanın bütün dövlət qurumlarına Rusiyanın müvafiq strukturları ilə münasibətləri istiləşdirmək, tədbirlədə iştirak etmək tapşırığı verib. Erməni ruspərəst medianın (əksəriyyəti ruspərəstdir – red.) bildirdiyinə görə isə Rusiyada Nikolun səmimiliyinə şübhə var və RF Federal Məclisinin Federasiya Şurasının sədri V.Matviyenkonun səfərinin təxirə salınması baş naziri yoxlamaq niyyətindən qaynaqlanır. Əlbəttə, daha vacib nüans rəsmi Moskvanın təmsilçilərinin Ermənistanın hazırkı hakimiyyəti ilə əməkdaşlığı necə davam etdirəcəklərini anlamaq istəmələri ilə bağlıdır.

İrəvan–Moskva ikitərəfli əlaqələrdəki gərginliyi şərtləndirən bir sıra məqamları vurğuladıq. Bu baxımdan vacib məqamlardan biri də Ermənistanın Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərinin perspektividir. Məsələ üzərində xüsusi dayanaraq bildirək ki, Paşinyan iqtidarının üzvləri 2022-ci ildən başlayaraq aktiv anti-KTMT xətti yürüdür və bildirirlər ki, qurum ölkənin təhlükəsizliyini qorumaq baxımından yetərli mexanizmə malik deyil.

Məlum olduğu kimi, 2022-ci ilin sentyabrında Azərbaycan–Ermənistan sərhədində hərbi eskalasiya qeydə alınmışdı. Rəsmi İrəvan hərbçilərimizin əlverişli mövqeləri ələ keçirmələrini işğalçılıq kimi qiymətləndirmişdi. Halbuki, ordumuzun məqsədi təxribat nöqtələrini susdurmaq olmuşdu, qəsbkarlıq yox.

...2022-ci ildə Ermənistan rotasiya qaydasında KTMT-yə sədrliyi həyata keçirərkən, qurumun noyabrda İrəvanda reallaşmış toplantısında Azərbaycanın işğalçı kimi qiymətləndirilməsinə cəhd göstərmiş, lakin məqsədinə çatmamışdı. Həmin vaxtdan Paşinyan və komandasının üzvləri KTMT-yə qarşı aktiv kampaniyaya start vermişdilər. Növbəti iki il ərzində bu kampaniyanın təşkilatın iclaslarını boykotdan tutmuş, qurumdan tamamilə çıxmağadək olan bir sıra təzahürləri gündəmə gəlmişdi. Ən pisi isə budur ki, Ermənistan rəsmiləri dolayısı ilə Rusiyanın təhlükəsizlik çətirinin heç nəyə yaramadığını bildirmişdilər. Özü də son dərəcə aşağılayıcı tərzdə.

Daha bir məqam Moskvanın müstəsna rol oynadığı və Ermənistanın da üzvü olduğu Avrasiya İqtisadi İttifaqı ilə bağlıdır. Doğrudur, Nikol və tərəfdarları Aİİ-yə KTMT-yə nümayiş etdirdikləri mənfi münasibəti göstərmədilər. Axı pul şirin şeydir. Reallıq budur ki, Qərbyönümlü Ermənistanın iqtisadi inkişaf tempindəki yüksəliş Rusiyanın hesabınadır. Deməli, Moskvanın başlıca mövqe tutduğu iqtisadi platformanı sıradan çıxarmaq düzgün deyil. Həm də ona görə ki, Qərb Paşinyan hakimiyyətinin qorunması üçün əlini cibinə salmayıb. Başqa sözlə desək, ötən müddətdə Ermənistan üçün Qərb yaşam vədi Rusiyanın həyat kapitalından üstün mövqedə dayanmayıb. Bununla belə, Nikol və komandasının üzvləri arada Aİİ-yə münasibətdə də dərinə getmədən sayğısız davrandılar, Qərbdəki ağalarına İrəvanın anti-Rusiya xəttinin, guya, hərtərfli, kompleks xarakter daşıdığını göstərməyə çalışdılar.

Güman edirik ki, Rusiya hazırda Ermənistanın ona yaxınlaşmaq cəhdlərini nəzərdən keçirərkən, sadaladığımız məqamları, o cümlədən, keçmişin xoşagəlməz təcrübəsindəki ayrı-ayrı fraqmentləri yetərincə nəzərdən keçirəcək. Hələlik isə bildirək ki, V.Matviyenkonun İrəvana təxirə salınmış səfərinin bu il iyunun 5-6-da gerçəkləşəcəyi bildirilir. Bunadək isə Ermənistan parlamentinin spikeri Alen Simonyanın aprelin 17-18-də Rusiyada səfərdə olacağına dair məlumatlar var. Məqsəd MDB Assambleyasının faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş sessiyasında iştirakdır. Eyni zamanda, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistana səfəri ilə bağlı da danışıqların aparıldığı, habelə may ayına kimi Qafanda Rusiya konsulluğunun açılacağı vurğulanır. Rəsmi İrəvan üçün ən böyük sınaq isə N.Paşinyanın mayın 9-da Qırmızı meydanda görünməsidir.

Sonda bir məqamın da üzərində dayanaq. Bildirdik ki, Azərbaycan həmişə özünün balanslı siyasətinə sadiqdir. Bunu dünyanın hər yerində, habelə Rusiyada yaxşı dərk edənlər var. Ancaq Ermənistan SSRİ-nin dağılmasından sonra Qarabağ avantürizmi naminə özünü vassal ölkə kimi təqdim edib. Ona münasibət də məhz bu baxışa əsaslanıb. Uzun illər Ermənistan Rusiyanın ona bəslədiyi kölə münasibətin mükafatını da alaraq asılılığını dərinləşdirib.

Ancaq 2018-ci ildə Ermənistanda “kölələrin inqilabı” baş verdi və onlar Rusiyadan üz çevirmək, tamamilə Qərbə yaxınlaşmaq xətti götürdülər. Bu xətt erməni avantürizmi üçün də yeni gündəm formalaşdırdı. Söhbət Moskvanın yaxın buraxılmadığı gündəmdən gedir. Əslində, Paşinyan hakimiyyəti, böyük ölçüdə, bu gün də həmin gündəminə sadiqdir. Götürək elə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və ümumən üçtərəfli danışıqlar formatını. Ermənistan rəhbərliyi hər şeyi inkar yolu tutub. Daha böyük inkarçılıq isə 44 günlük müharibə zamanı Rusiyanın Ermənistanı Azərbaycanın əlində qalıb məhvdən qurtarmasını danmaqdır. Sözümüz ondadır ki, hazırda Moskva–İrəvan münasibətlərinin perspektivi ilə əlaqədar çoxsaylı problemlər yığılıb. O problemlər ki, Moskvanın onların hər birini Paşinyanın başına vurması şərtdir. Çünki siyasət həyatın sərt inikasıdır və nankorluğu nəinki sevmir, heç bağışlamır da. Amma ... bu ermənidir, nə desən gözləmək olar.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
3
xalqqazeti.az

1Mənbələr