AZ

USAID proqramlarının dayandırılması Avropada ciddi təşviş yaradıb

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Prezident Donald Tramp ABŞ-ın xaricə yönəlik xərclərinin araşdırılıb qiymətləndirilməsi üçün sərəncam verib. 2025-ci il yanvarın 24-də qüvvəyə minmiş sərəncama uyğun olaraq, qarşıdakı 90 gün ərzində ABŞ-ın bütün xarici yardım proqramlarının dondurulması məqbul sayılıb. Bu kontekstdə araşdırmalara cəlb edilən əsas subyektlərdən biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-dir. Rəsmi açıqlamalara əsasən, qeyd edilən sərəncam imzalanana qədər agentlik 120-yə yaxın ölkədə minlərlə humanitar yardım proqramı icra edib.

Martın 9-da təhqiqatların ilkin nəticələri elan edilib. ABŞ Dövlət katibi Marko Rubio özünün "X" hesabında xəbər verib ki, "6 həftəlik araşdırmadan sonra USAID-in icra etdiyi proqramlarda ciddi nöqsanlar aşkar edilib, proqramların 83 faizinin rəsmən ləğv edilməsinə qərar verilib”. Onun sözlərinə görə, hazırda ləğv edilən 5200 müqavilə on milyardlarla dollar məbləğində vəsaiti əhatə edir. Rubionun fikrincə, indiyədək icra edilmiş bu proqramlar ABŞ-ın əsas milli maraqlarına xidmət etməyib, bəzi hallarda isə hətta milli maraqlara ziyan vurub.

Dövlət katibi vurğulayıb ki, icrası dayandırılan müqavilələrin kəmiyyəti 83 faizdən 92 faizə qədər yüksəldilə bilər. Hələlik icrası zəruri sayılan digər 1000 proqrama nəzafət isə USAID-dən alınaraq Dövlət Departamentinə verilib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi təqribən 50 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük yardım təşkilatıdır. Quruluş məramnaməsində qeyd edilir ki, o, xarici ölkələrdə “mülki-humanitar yardımların çatdırılmasını, həmçinin demokratik inkişafı hədəfləyən proqramların icrasını” reallaşdıran təsisatdır. ABŞ Konqresi tərəfindən Xarici Yardım Aktı proqramı çərçivəsində təsdiqlənən layihələr USAID vasitəsilə icra edilir.

Amma təcrübə göstərir ki, USAID fəaliyyət göstərdiyi ölkələrdə mülki-humanitar kampaniyalardan, demokratik inkişafı ehtiva edən proqramlardan daha çox, bu ölkələrdə siyasi proseslərə açıq müdaxilə etməsi, çaxnaşmalar yaratması ilə məşhurdur. O, ABŞ-ın hədəfində olan ölkələrdə ictimai rəyi idarə etmək, “humanitar yardımlar” adı altında cəmiyyətlərin rəğbətini qazanmaq üçün yaradılmış bir mexanizmdir. USAID ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin kənar cəmiyyətlərdə tapşırıqlarının icraçısı rolunda çıxış edən bir alətdir. Zərurət yarananda “humanitar yardım” proqramlarından kənara çıxır, ayrı-ayrı ölkələrdə siyasi kataklizmlər törədir, hakimiyyət çevrilişlərinə dəstək verir, xaos və dağıntılar törədir. Müasir terminologiya ilə ifadə etsək, USAID ABŞ-ın “yumşaq güc” texnologiyasıdır, onun ekspansiya siyasətini icra edən əsas təsisatdır. Təşkilatın saytında da qeyd edilir ki, o, “Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi ilə koordinasiya edilmiş formada fəaliyyət göstərir”.

Maraqlıdır, nə oldu ki, ABŞ Prezidenti bu cür mötəbər bir qurumun bağlanmasına qərar verdi? Dünya mediası yaxın 2 ay müddətində bu suala cavab axtarır. Versiyalar çoxdur. Ötəri ehtimallar üzərində qurulanlar da az deyil. Amma sırada rasional görünənlər də var. Məsələn, qeyd olunur ki, USAID rəhbərliyi bəzi hallarda sayıqlığı itirib, xarici hədəfləri unudaraq, daxili siyasətə girişib. Demokratların Respublikaçılar üzərində qələbəsi üçün çalışıb. Konkret desək, Donald Trampın seçkilərdə məğlub edilməsi üçün vəsait xərcləyib. Belə ki, Nyu-Yorkun meri və prezident D.Trampın kibertəhlükəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromatın tapılması üçün OCCRP-yə 20 mln dollar qonorar verib.

USAID-nin yanlışları təkcə daxili siyasətə baş qoşub kompromat savaşına girişməsi ilə bitmir. O, xarici siyasət kursunda da ciddi qüsurlara yol verib. Xarici ölkələrdə “humanitar yardım” proqramları icra etmək, bu yolla həmin cəmiyyətlərdə ABŞ-a rəğbət formalaşdırmaq əvəzinə, özünün kobud, yanlış siyasəti və davranışları ilə bəzən dost ölkələri də narazı salıb, rəqibə çevirib. Bu fakt Dövlət katibi Marko Rubionun iki gün öncə verdiyi açıqlamalarda da öz əksini tapıb.

Müşahidə olunur ki, ABŞ Demokratlar Partiyası qlobal səviyyədə ictimai rəyi nəzarətdə saxlamaq, zəruri anda informasiya təxribatları törətmək məqsədilə çoxpilləli struktur formalaşdırıb. Bu struktura ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən, ən müxtəlif istiqamətləri – siyasi prosesləri, sosial araşdırmaları, təhsil, media, insan haqları və digər sahələri əhatə edən QHT, fond, mərkəz, media subyektləri daxildir. Həmin subyektlərin ələ keçirilib Demokrat Partiyasının təsir dairəsinə salınmasında, maliyyələşdirilməsində, şirnikləşdirilib ələ keçirilməsində USAID xüsusi rol oynayıb. Bir sözlə, USAID ABŞ-ın milli maraqlarından daha çox, Demokratlar Partiyasının maraqlarına xidmət edib.

USAID üzərində yoxlamaların aparılması, proqramların dondurulması agentliyin əməkdaşları ilə yanaşı, Avropa instututlarını da rahatsız edib. Açıqlamalardan bəlli olur ki, Avropa təsisatları üzərindən ayrı-ayrı ölkələrdə “müstəqil və tənqidçi” media subyektlərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərin arxasında USAID dayanıb. Avropa jurnalist təşkilatlarının açıqlamalarında qeyd edilir ki, “son yoxlamalar 30-dan çox ölkədə müstəqil və tənqidçi medianın maliyyələşdirilməsi müstəvisində problemlər yaradıb”. Xüsusilə, Ukrayna mediasının, o cümlədən, mühacirətdə olan Belarus və rusiyalı jurnalistlərin maliyyələşdirilməsini imkansız edib. Avropa media təsisatlarının Avropa donor instututlarına ünvanladıqları müraciətdə qeyd edilir ki, USAID-in bağlanması ilə yaranmış maliyyə boşluğunu aradan qaldırmaq məqsədilə təcili tətdbirlər görsünlər.

 

Seçilən
4
xalqqazeti.az

1Mənbələr