AZ

Qərəzli qərar sərt reaksiya doğurur

Avropa Parlamentinin Azərbaycanı təcavüzkar kimi qələmə vermək cəhdləri uğursuzluğa məhkumdur

Avropanın ali qanunverici qurumunun Azərbaycana qarşı bəyanatlar verməsini, qətnamələr qəbul etməsini, eləcə də beynəlxalq hüququn ziddinə, ermənilərin xeyrinə başqa sənədləri qəbul etməsini az görməmişik.

İndi isə Avropa Parlamentindəki erməni lobbisi ağır cinayətlər, o cümlədən işgəncə, müharibə qanun–qaydalarının pozulması, terrorizm, terrorçuluğun maliyyələşdirilməsi və Azərbaycanın Cinayət Məcəlləsində nəzərdə tutulmuş digər əməllər törətməkdə ittiham olunan Ermənistan vətəndaşları ilə bağlı təhrif olunmuş gündəliyi təbliğ etməyə çalışır.

Dünən Strasburqda AP-nin plenar iclası çərçivəsində Bakıda qondarma “erməni məhbuslar” mövzusunda “Azərbaycan məhkəməsi qarşısına çıxarılmış erməni məhbusları, o cümlədən “Dağlıq Qarabağ”ın keçmiş “siyasi elitası” üzərində qanunsuz həbslər və uydurma məhkəmələr” başlığı altında dinləmələr keçirilib.

Azərbaycan məhkəmə prosesinin ciddi şəkildə milli və beynəlxalq hüquq normalarına riayət edilməsi ilə aparılmasına nəzarət edir. Sadəcə, avroparlamentarilərin diqqətinə onu çatdırmaq istərdik ki, çoxsaylı cinayətlərdə təqsirləndirilən şəxslərin Bakıda keçirilən məhkəmə prosesi Azərbaycanın daxili işidir və kənar müdaxilə cəhdləri qəbuledilməzdir. O da çoxdan məlumdur ki, Avroparlamentdə erməni maraqlarına xidmət “təcrübəsi” yenilik deyil. Azərbaycan belə hallarla ərazilərinin işğalı zamanı da üzləşib. Bu “təcrübə” Bakının AŞPA, AİHM və Avropanın digər siyasi strukturlarında üzləşdiyi ikili standartların bariz nümunəsidir.

Korrupsiya qalmaqallarında adı dəfələrlə hallanan Avropa Parlamentinin yenidən hay “eskizləri” ilə işlənib hazırlanmış və erməni diasporu tərəfindən səxavətlə maliyyələşdirilən qərəzli qətnamə qəbul edəcəyi təəccüblü deyil. Bu qurumda “Azərbaycandakı erməni məhbusları” dəstəkləyən təcili qətnamənin qəbulu ilə bağlı müzakirələr keçən aydan başlayıb. Bu mövzu ermənilərə lobbiçilik edən müəyyən qrup deputatlar tərəfindən getdikcə daha çox tirajlanır. Əsas təşəbbüskar AP-nin Kiprdən olan üzvü, ermənipərəst fikirləri ilə tanınan Kostas Mavridisdir. O, “Alpha News”a müsahibəsində parlamentin “Azərbaycandakı erməni məhbusların dərhal azad edilməsini tələb edən” qətnaməyə mart ayında baxılmasını təklif etmişdi. Əvvəllər də bu deputat özünü haypərəst ruhunda dəfələrlə ifadə edib. Hələ 2016-cı ilin aprelində Strasburqda AP-nin plenar iclasındakı çıxışında qondarma “dqr”in “müstəqilliyinin” tanınmasını dəstəkləmiş, sərhəd insidentlərinin araşdırılması mexanizmlərinin işlənib hazırlanması çağırışını etmişdi. O, “erməni tərəfinin bu mexanizmlərlə razılaşdığını, Azərbaycan isə razı olmadığını” iddia edərək, Ermənistanın mövqeyini birtərəfli qaydada dəstəkləmişdi.

Anti–Azərbaycan bəyanatların bir çoxunun arxasında hüquqi prinsiplərin deyil, maliyyə maraqlarının dayandığı şübhəsizdir. Bəzi avroparlamentarilərin erməni oliqarxların pul kisəsinin üstündə “oturduqları” da məlumdur.

Beləliklə, Avropa Parlamentinin Azərbaycanı dünya ictimaiyyətinə mənfi tərəfdən təqdim etmək məqsədilə, həmişə olduğu kimi, ədalətin və hüququn ziyanına, böyük ehtimalla Ermənistanın xeyrinə olan qətnaməyə səs verəcəklər.

Avropa Parlamenti Aİ daxilində öz mövqeyini getdikcə itirir. Bunun əsas səbəbi böyük korrupsiya qalmaqallarıdır. Ən səs-küylü epizodlardan biri 2022-ci ilin dekabrında Belçika hakimiyyətinin Aİ strukturlarında irimiqyaslı rüşvət sxemi ilə bağlı araşdırma çərçivəsində genişmiqyaslı axtarışlar apararaq 1,5 milyon avro nağd pul müsadirə etməsi oldu. Həmin qalmaqalın “episentrində” erməni lobbisinə simpatiyaları ilə tanınan simalar dururdu. Bunlar – Yunanıstan parlamentinin deputatı Yeva Kiley, keçmiş italiyalı deputat Pier Antonio Panzeri, parlament sədrinin köməkçisi Françesko Giorgi və QHT rəhbəri Nikolo Fiqa-Talamanka idi. Onların hamısı Fars körfəzi ölkələrindən birindən Avroparlamentin iqtisadi və siyasi qərarlarına təsir göstərmək müqabilində külli miqdarda rüşvət almaqda ittiham olundular. Bu, Avropa Parlamentinin nüfuzunun nə qədər ləkələndiyini göstərən nümunələrdən biridir.

İndi Brüsseldə haylara qucaq açanlara demək istərdik ki, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etməzdən əvvəl öz sıralarını təmizləməyə başlasınlar. Bundan əlavə, başqa bir qərəzli və siyasiləşdirilmiş qətnaməyə səs verməzdən əvvəl avroparlamentarilər müttəhimlərin Bakıda verdiyi ifadələrlə tanış olsunlar. Ən azı, təqsirləndirilən şəxs L.Mnatsakanyanın Ermənistanın nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirak etdiyi, 2016-cı ilin aprelində separatçılara silahın İrəvandan göndərildiyi barədə etiraflarını eşitsinlər. A.Arutyunyan isə ifadəsində Azərbaycan ərazisinə hücumların təşkili ilə bağlı qərarların İrəvanda verildiyini bildirib. O, qondarma “Qarabağ müdafiə ordusu”nun Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə tabe olduğunu təsdiqləyib. Bu etiraflar Qarabağdakı separatçı rejimin “müstəqillik” rəvayətini tamamilə təkzib edir və Ermənistanın Azərbaycana birbaşa hərbi təcavüzündən xəbər verir.

Bu faktlar AP-nin məsələ ilə bağlı qəbul edəcəyi istənilən qətnamənin legitimliyini şübhə altına alır. Ekspertlərin “xristian klubu” adlandırdıqları Avropa İttifaqında, onun Avropa Parlamentində postsovet məkanındakı müstəqil respublikalara yuxarıdan-aşağı baxılmasının bir səbəbi yəqin bu amillə bağlıdır. Bakı bu dini ayrı-seçkiliyi Brüsselin haylara xüsusi rəğbətinin nümunəsində çox görüb. Avropa Parlamentinin Azərbaycanı təcavüzkar tərəf kimi qələmə vermək cəhdlərinin heç bir əsası yoxdur və əvvəlcədən uğursuzluğa məhkumdur. Əgər təhrif olunmuş faktlar və siyasi lobbiçilik üzərində qurulmuş daha bir qətnamə qəbul olunarsa, buna Bakının reaksiyası sərt olacaq.

İ.HƏSƏNQALA
XQ

Seçilən
4
xalqqazeti.az

1Mənbələr